Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın Qadınlar Şurasının təşəbbüsü ilə “Ailə və cəmiyyət: məsuliyyət və ənənə” mövzusunda dəyirmi masa keçirilir.
Bizimaz.az: Publika.az-ın xəbərinə görə, dəyirmi masada ölkədə fəaliyyət göstərən siyasi partiyaların qadın təşkilatlarının, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatının qadınlar şurasının sədrləri iştirak edirlər.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputat Məlahət İbrahimqızı Azərbaycanda ailəyə həmişə kiçik dövlət deyildiyini dilə gətirərək sözlərinə belə davam edib:
“Biz Azərbaycan qadınları qürurla deyə bilərik ki, ailənin möhkəmlənməsində qadınların xüsusi rolu var. Ölkədə vətəndaş cəmiyyətinin qurulmasında da qadın QHT-lər müstəsna şəkildə iştirak ediblər. Bu gün bir ailədəki çağırışların cəmiyyətə sızması biz qadınları narahat edir. Azərbaycan qadını xalqın tarixində mühüm rol oynayıb. Belə bir deyim var, “insan atadan yetim qalmır, anadan yetim qalır”. Qədim türklər “Qadın haqqı tanrı haqqı” deyiblər. Onlar qadın haqqını tanrı haqqı kimi dəyərləndiriblər. Bütün beynəlxalq təşkilatların sənədlərində bir qadına qarşı zorakılıq bütün qadınlara qarşı zorakılıq kimi qiymətləndirilir. Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. 1979-cu ildə qəbul edilən BMT Konvensiyasının bu il 40 illiyidir. Qadınlarla bağlı Azərbaycanda da xeyli qanunlar qəbul edilib. Biz də o sənədlərdən çıxış edərək deyirik ki, bir qadının hüququnun pozulması bütün qadınların hüquqlarının pozulmasıdır. Qadın hüququları insan hüquqlarının fövqündədir”.
M.İbrahimqızı deyib ki, belə bir tədbirin keçirilməsini daha əvvəl nəzərdə tutublar:
“Sadəcə, bu günlərdə bir qadına qarşı edilən haqsızlıq, verilən işgəncə bu tədbiri bir qədər də tezləşdirdi. Bu partiya bizimlə rəqib vəziyyətdədir. Amma qadın məsələsinin dəyəri qlobal olduğu üçün biz bu məsələyə siyasi partiyanın məsələsi kimi baxmırıq. Azərbaycan mətbuatında imzası olan bir qadına uzun illər aqressiyanın olması, işgəncə verilməsi digər qadınları narahat etməyə bilməz. Ona görə də biz qadın hüquqları məsələsində həmrəy olmalıyıq. Təsəvvür edin, hakimiyyətə gəlmək iddiasında olan bir partiyanın rəhbərliyində təmsil olunan bu şəxsləri 3-4 qadının işlədiyi bir idarəyə rəhbər qoysalar, həmin idarədə qadınların günü necə olar? Bu mənada, biz qadınlar hər zaman həmrəy olmalıyıq. Bütün sahələrdə öz sözümüzü deməliyik”.
Milli Məclisin deputatı əlavə edib ki, bir var bu hadisə hansısa ucqar dağ kəndində olsun, bir də var siyasi partiyanın funksionerinin ailəsində baş versin: “Zalımın zülmünə göz yummaq zalımlıq etmək qədər günahdır. Neçə illərdir bu ailədə zorakılıq olub. Biz buna səssiz qala bilmərik. O şəxs bütün Azərbaycan qadınlarından üzr istəməlidir”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, gündəmi məşğul edən bu hadisə bütün Azərbaycana şamil edilə bilməz: “Azərbaycan ailəsində həmişə sevgi və sayğı olub. Ata-ana da özündən böyüklərə hörmətlə yanaşıb. Bu hadisə bizim ailə obrazını ifadə edə bilməz. Bu hadisə məni çox üzdü. Bunu ona görə gündəmimizdə məşğul edirik ki, onlar siyasi hakimiyyətə iddialı insanlardır. Belə bir adamların ailəsində belə hadisələrin baş verməsi cəmiyyət üçün təhlükəlidir.
Bu qızımız oturub Avropada, oradan yazır. Bunu bizim dostumuz da, düşmənimiz də körükləyir. Onlar deyirlər ki, Azərbaycan ailəsi belədir. Biz dünyaya bildirmək istəyiriki ki, əslində belə deyil. 1236-cı ildə Hindistanda Babur dövlətinin nümayəndəsi Sultan İltutmuş üç oğlu olmasına baxmayaraq, qızı Raziyə Sultanı taxta çıxarıb. Bu, bizim kökümüzün qadına münasibətidir. Bundan nə qədər istəsəniz örnək verə bilərik. Bu adam qadına, qızına bu qədər zorakılıq edib. Demək, ailədə nələrsə düz olmayıb. Biz buna qarşıyıq. Siyasi iqtidara iddialı bir adamın bu qədər zalım olması məni ürküdür. Amma təəcüblənmədim. Çünki onlardan bəzi şeylər çəkmişəm. Nə o qız, nə də o ata bizim millətimizi təmsil edir. Ailədə güvən, bir-birinə inam olar. Bizim qadınımız bu gün dünyada bütün gözəllikləri haqq edir”.
Müharibə Veteranları Qadınlarına Sosial Dəstək İctimai Birliyinin sədri Radə Abbas qeyd edib ki, Fuad Qəhrəmanlını hələ uşaq vaxtlarından tanıyır:
“O, görünüşcə sakit adamdır. Amma sonradan mənə məlum oldu ki, ailədə zorakılıq edir. Fuad Qəhrəmanlını qınayıram. Amma o evin qadını Fuadı yola gətirə bilərdi. Niyə gedib Avropadan Azərbaycanı ləkələyirlər? Azərbaycan kişiləri arasında da qadına zorakılıq edənlər var. Fuad Qəhrəmanlı qədər onun qızını da qınayıram. Ona “ar olsun” deyirəm. Niyə bir ailə daxilində 4 adam bir-birini idarə edə bilmədi? 27 ildir əsirlikdə olan, təcavüzə uğrayan, onlardan uşaq dünyaya gətirən qadınlar var. Əgər Avropada bunları demirsə, demək o, vətən xainidir”.
“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı bildirib ki, məsələni müzakirə edəndə uşaqlara yüklənmək lazım deyil:
“Düşünürəm ki, bu məsələdən danışanda ana-atadan söz açaq, uşaqlardan yox. Bu məişət hadisəsini törədən adam partiya sıralarından istefa verdi. Amma mən bunu kağız üzərində istefa hesab edirəm. O, yenə öz fəaliyyətinə davam edəcək. O, xanımından da, uşaqlardan da, bütün Azərbaycan qadınlarından da üzr istəməlidir.
Biz bu gün insanlardakı qəddarlığı, söyüşü görürük. Bunların hamısının kökü ailədə qoyulur. Media bu yöndə daha çox iş aparmalıdır ki, ailələrdə zorakılıq, şiddət olmasın. Onların travmalı uşaqları gələcək üçün heç nə vəd etmir. Ata haqqında danışıldı. Çox adam düşündü ki, 18 yaşlı gənc öz atası haqqında niyə bu sözləri dedi. Hesab edirəm ki, bu cür hadisələrin baş verməməsi üçün cəmiyyətdə fəal iş aparmaq lazmıdır”.
“Demokratik Cəmiyyət” Qadın Hüqularının Müdafiəsi İctimai Biriliyinin sədri Mehriban Abbasquliyeva ailələrdə baş verən zorakılıqların qarşısını almaq üçün sivil boşanmanın zəruri olduğunu vurğulayıb: “Əgər o qadın sənə bıçaq çəkibsə, demək günün birində vuracaq. Ona görə də vaxtında sivil boşanmaq laızmdır”.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılaova qeyd edib ki, 2016-cı ildə məişət zorakılığına dair qanun qəbul edildiyi halda ABŞ-da belə bir qanun yoxdur.
Digər çıxış edənlər də Fuad Qəhrəmanlının baş verənlərə görə bütün Azərbaycan qadınlarından üzr istəməsinin vacibliyini bildiriblər.