Azərbaycanın ən yaşlı sakinlərindən biri Sona Səmədovadır. O, 1896-cı ildə indiki Neftçala rayonunun Beşdəli kəndində anadan olub. 123 yaşlı Sona nənənin 4 övladı, 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var. Hazırda Neftçalada yaşayır.Bizimaz.az xəbər verir ki, azvision.az -ın əməkaşı ilə həmsöhbət olan Həşim Səmədov onun ən kiçik övladıdır. Onun sözlərinə görə, Sona nənə onunla birlikdə qalır.
“Anam normal gəzir, səhhəti qaydasındadır. Ciddi problemi yoxdur. Evdə nəsə lazım olanda, özü götürə bilir. Ümumiyyətlə, anam özü-özünü təmin etməyi bacarır. İndi mənimlə birlikdə yaşayır. Anam hər gün həyətdə 20-30 metr gəzir, təmiz hava alır".
Gəncliyində kolxozda işləyən qadının kiçik övladının 70 yaşı var. Böyük oğlu isə 80 yaşındadır: "Anam həmişə Neftçalada yaşayıb, burada işləyib. Gözlərini əməliyyat etdirmişəm, indi eynək belə taxmır. Bir az əsəb onu dilxor edir, qalan hər şey normaldır”.
Həşim Səmədov deyir ki, anası yeməyinə xüsusi diqqət ayırır.
“Anamın fikrincə, 3-4 cür xörək yemək bədbəxtlikdir. Gözümü açandan bir yemək yeyir. Əvəllər balıqla, həyət toyuğu ilə qidalanardı. Yaşlandıqdan sonra ona səhərlər qaymaq, axşamlar süd veririk. Daha çox ağartı məhsulları ilə qidalanır. Hər gün yatanda mütləq bir stəkan süd içməlidir. Bir az da uşaq kimidir. Hərdən bizdən şikayət edir ki, çağırdım gec gəldiniz, bunu belə etmədiniz”.
S. Seyidova aldığı pensiyanı nəvə və nəticələri arasında bölür: “Vallah, özü heç pulun üzünü görmür. Nəvəyə, nəticəyə paylayır. Evini nəvələrindən birinə hədiyyə edib. O da uşağına babasının adını qoyub. Anam çox darıxır. Deyir, evdə həmişə adam olsun, oturub onunla söhbət edim”. BAKU.WS