Şamaxı Astrofizika Rəsədxanası 26-28 sentyabrda kosmik hava proqnozu haqda məlumatı açıqlayıb.
Moderator.az xəbər verir ki, qeyd edilən müddətdə günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Proqnoz dövründə (26 - 28 sentyabr) Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq.
Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik (Kp=2, 3), lakin fasilələrlə fəal şərait (Kp=4) müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən CH HSS effektinin təsirindən ikinci proqnoz günü, yəni 27 sentyabr tarixində günün ikinci yarısından etibarən G1-Minor səviyyəli (Kp=5) maqnit qasırğasının olacağı və fasilələrlə G2-Moderate səviyyəli (Kp=6) qasırğaya çevriləcəyi gözlənilir. Eyni həyəcanlaşmanın 28 sentyabrda da davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə (Kp=4) əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyi bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (26 sentyabr) 5%-dən, ikinci (27 sentyabr) və üçüncü (28 sentyabr) proqnoz günü isə uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.
Qeyd edək ki, geomaqnit sahədə maqnit qasırğasının yaratdığı belə fəal şərait enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur. Bu, xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər.
Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhət görülür, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.