2010-cu ilin “VAZ 2107" maşını 7 min manatdan baha satılır
Son zamanlar Azərbaycanda maşınların qiyməti yenidən bahalaşıb. Bazarlara daha çox Rusiya istehsalı olan maşınlar və “Mercedes” çıxarılır. Alıcı isə demək olar ki, yoxdur...
“Yeni Müsavat”ın əməkdaşı olaraq maşın bazarında olduğumuz zaman bir sıra məqamlarla tanış olduq. Öyrəndik ki, maşın bazarlarında əvvəlki “qayda-qanun” da dəyişib. Belə ki, hazırda satıcılar bazardan çox, internetdə otururlar. Maşın elanlarını izləyən satıcılar vətəndaşdan maşını alıb, sonradan onu baha qiymətə bazara çıxarırlar. Ona görə də qiymətlər bazarda süni şəkildə artırılıb.
Qiymətlərə keçməzdən öncə qeyd edək ki, hazırda maşın almaq istəyənlərin çoxu əvvəllər olduğu kimi, Badamdar qəsəbəsində yerləşən maşın bazarına deyil, Sumqayıtdakı maşın bazarına yollanırlar. Çünki Sumqayıtda qiymətlər bir qədər ucuzdur və demək olar ki, hər cür Rusiya, sovet istehsalı olan maşınları tapmaq mümkündür.
Sumqayıt bazarında rastlaşdığımız satıcılar söylədilər ki, bazarda ən çox tələbat Rusiya istehsalı olan maşınlaradır. Satıcı Alim Alıyev bildirdi ki, alıcılar çox zaman 2000-ci ildən əvvəl və sonra istehsal olunan, məsələn, “VAZ 2107" maşınını sovet maşını adlandırırlar:
“Qiyməti də baha olanda deyirlər ki, niyə sovet maşınını baha satırsınız. Ancaq 2000-ci ildə sovet hökuməti çoxdan dağılmışdı. İndi də istehsal olunanlar Rusiya maşınlarıdır və qiymətlərinin də baha olmasının səbəbi var. İli təzə olan Rusiyada istehsal edilən maşınlar ”Avro-4" standartlarına uyğun olaraq istehsal edilib. Yəni həmin maşınlar 1987-ci ilin maşınından çox fərqlənir. ABS sistemi, kondisioneri belə var. Ona görə də qiymətləri də bahadır. Məsələn, hazırda ili 2010-cu il olan “VAZ 2107" maşını 7 min manatdan baha qiymətə satılır. Əgər maşına əlavə sistemlər yığılıbsa, sükanı, güzgüləri , oturacaqları, diskiləri dəyişdirilibsə, o zaman 10 min manata da ola bilər. Bu maşınların da alıcısı var. Bazarda ən çox axtarılan ”Mercedes" E-klasslardır. Onların da dizel, benzin olmasına və ya motoruna görə qiymətləri fərqlidir. Məsələn, dizellə işləyən “Mercedes” 2.2 cdi full salondursa, qiyməti 15 min 500 manatdan ucuz olmaz. Benzinlə işləyəni isə 13 minə, vəziyyətindən və mühərrikinin gücündən asılı olaraq ən ucuzu 11 min 500 manata tapmaq olar. Bundan ucuzunu tapa bilmərsən. Eləcə də “çeşka”ların da qiymətində ötən illərlə müqayisədə artım var. Normal vəziyyətdə olan “çeşka” 9-10 min manatadır. Alıcılar var ki, gəlib “Moskiviç” axtarırlar. Ötən həftə bazarda bir “Moskiviç”i 10 min manata satdılar".
Alıcılar bildirdilər ki, bazarda maşın çox görünsə də almağa avtomobil tapa bilmirlər. Səbəb isə müxtəlifdir. 4 həftədir bazara gəldiyini deyən Rəhman Bayramov bildirdi ki, hər dəfə eyni maşınları, eyni satıcıları görür:
“Bakıda, Sumqayıtda demək olar ki, bütün maşın bazarlarında olmuşam. Vəziyyət acınacaqlıdır. Bazara maşın çıxaranların əksəriyyəti alverçilərdir. Hansısa fərd maşınını bazara çıxarmaq istəyirsə, elə bazarın girişində dayanan alverçilər maşına ”əl qoyurlar". Yəni maşın yiyəsini əhatəyə alıb, başlayırlar qiyməti aşağı salmaq üçün problemlər axtarmağa. Gözümlə görmüşəm ki, girişdə problem çıxarıb aldıqları maşını, bazarda problemsiz kimi müştəriyə sırımaq istəyiblər. Maşınını satmağa gələnlərin çoxu ya ehtiyacdan, ya da başqa maşın almaqdan ötrü bura üz tutur. Ona görə də istəyirlər ki, qısa müddət ərzində maşını satıb, işlərini görsünlər. Satıcılar da bunu yaxşı bildikləri üçün elə girişdəcə onların qarşısına müştəri kimi çıxıb, maşını alırlar.
Ona görə də mənim kimi adamlar bazarda nə qədər normal qiymətə maşın axtarsa da, tapa bilmir. Hamısı yuxarı qiymət deyir, sonra da 300-500 manat düşür. Ancaq yenə də qiymət baha olaraq qalır. Çünki həmin 300-500 manatı əsassız olaraq artırırlar. Satıcıların bu kimi davranışları səbəbindən bazarda ikinci və bəlkə də onuncu əl maşınlar normal qiymətindən dəfələrlə baha satılır. Salonlardakı yeni maşınlardan isə danışmağa dəyməz. Onların qiymətinin nə qədər baha olması hər kəsə məlumdur. Saytdan bir maşın tapırsan, zəng edənə qədər görürsən ki, satıldı. Səhəri gün sayta baxanda həmin maşını 2 min baha qiymətə tapırsan. Məlumdur ki, satıcılar saytlarda otururlar. Yeni maşın şəkili yüklənin kimi alır, sonra baha qiymətə təzədən sayta qoyurlar. Ya da gətirirlər bazara. Bazarda bir həftə 10 minə gördüyüm maşını, gələn həftə satıcının əlində 12 minə görürəm. Camaatdan alıb, baha qiymətə satırlar".
Bazarda müşahidə etdik ki, əvvəllər olduğu kimi “VAZ 2121"ə (Niva) maraq çox deyil. İnsanlar daha çox ”Opel", “Mercedes” və “VAZ 2107" maşınları ilə maraqlanırdılar. Satıcı və maşın çox olsa da, maşın alıb, bazardan çıxaran görmədik...