Ümumi orta təhsil səviyyəsini nisbətən zəif qiymətlərlə bitirmiş şagirdlərin valideynləri övladının ümumtəhsil məktəbində təşkil edilmiş adi sinifdə təhsilini davam etdirməsini və müvafiq təhsil sənədi almasını arzulayırsa, məktəb rəhbərləri tərəfindən buna məhdudiyyət qoyulmamalıdır.
Bizimaz.az: Bu barədə Təhsil Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.
Nazirlik təhsil eksperti Elşən Qafarovun məktəb direktorlarının ümumi orta təhsil bazasını bitirmiş, attestatında “3” qiymət olan şagirdləri 10-cu sinfə qəbul etməkdən imtina etməsi ilə bağlı dediklərinə aydınlıq gətirib:
“Mövcud qanunvericiliyə görə, ümumi orta təhsil icbaridir və ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsil şagirdlərin meyil və marağı nəzərə alınmaqla təmayüllər üzrə (riyaziyyat-informatika, humanitar, təbiət və s.) təşkil edilir. Bu təmayüllü siniflərə, əlbəttə, təlim göstəriciləri ilə fərqlənən, xüsusilə də seçdikləri təmayül istiqamətinə daxil olan fənlərdən, əsasən, “əla” və “yaxşı” qiymət alan IX sinif məzunları qəbul edilirlər. Zəruri ehtiyac nəzərə alınmaqla tam orta ümumtəhsil məktəblərində təmayüllü siniflərlə yanaşı, kütləvi tədris planı və proqramları tətbiq olunan siniflər də yaradılır və həmin siniflərə təhsil göstəricilərinə, bilik səviyyəsinə görə hər hansı bir təmayüllü sinifdə oxumaq potensialı olmayan şagirdlər öz arzularına görə qəbul edilirlər. Elə məzunlar da olur ki, onlar peşə liseylərinə gedir, yaxud əmək fəaliyyəti ilə məşğul olmağa başlayırlar”.
Nazirlikdən bildirilib ki, ümumi orta təhsil səviyyəsini nisbətən zəif qiymətlərlə bitirmiş məzunların arzu və istəklərinə uyğun olaraq, peşə qazanmağa istiqamətləndirilməsi onların gələcək həyatının qurulması üçün daha məqsədəmüvafiqdir:
“Lakin valideynlər övladının ümumtəhsil məktəbində təşkil edilmiş adi sinifdə təhsilini davam etdirməsini və müvafiq təhsil sənədi almasını arzulayırsa, məktəb rəhbərləri tərəfindən buna məhdudiyyət qoyulmamalıdır.
Bununla belə, adi sinfə qəbul olunmuş şagird dərslərdən yayındığı, məktəbin nizamnaməsi ilə müəyyən edilmiş daxili intizam qaydalarını pozduğu halda məsələyə valideynin iştirakı ilə Pedaqoji Şurada baxılıb uyğun qərar qəbul edilə bilər”.
Xatırladaq ki, təhsil eksperti Elşən Qafarov məktəb direktorlarının ümumi orta təhsil bazasını bitirmiş, attestatında “3” qiymət olan şagirdləri 10-cu sinfə qəbul etməkdən imtina etdiyini deyib.
Ekspertin sözlərinə görə, bu yanlış addım Konstitusiyanın 42-ci maddəsinə və Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə ziddir.