Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.
Bakının Nərimanov rayonu ərazisində şəhər əhəmiyyətli Aşıq Molla Cümə küçəsi və ona bitişik yolların yenidən qurulması 6,3 milyon manata başa gəlib.
Buna qədər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli müvafiq Sərəncamına əsasən Bakının Nərimanov rayonu ərazisində şəhər əhəmiyyətli Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb və bu işlər qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib.
Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən yollarda yeni və müasir yol infrastrukturu yaradılıb. Yenidən qurulan yolların ümumi uzunluğu 6 kilometrdir.
Xatıərladaq ki, 2003-cü ildən bəri respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib. Bunun 500 kilometrdən çox hissəsi 2019-cu ilin 8 ayında reallaşdırılıb. Bu ilin sonuna ölkəmizdə yenidən qurulan, bərpa və təmir edilən yolların uzunluğu 17 min kilometrdən çox olacaq. 2003-cü ildən bəri təkcə Bakıda avtomobil yollarının 1500 kilometrdən çox hissəsində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Bunun 200 kilometrdən çoxu 2019-cu ilin 8 ayında reallaşdırılıb.