Avqustun 30-31-də Şamaxı rayonunun Meysəri kəndində Birinci Azərbaycan Üzüm və Şərab Festivalı keçiriləcək.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, tədbir "Şirvan Şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunacaq.
Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təssərüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
Avqustun 30-da festivalın açılış mərasimi keçiriləcək, qonaqlara musiqili proqram təqdim olunacaq. Rəqqas və nağaraçıların, həmçinin nəfəsli alətlər orkestri, eləcə də festivalın emblemi olan fiqur və kuklaların iştirakı ilə parad təşkil ediləcək. Qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayacaq.
Üzüm, şərabçılıq və festivalın rəmzləri olan çeşidli dekorasiyalar, instalyasiyalar ilə bəzədiləcək ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərəcək. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim ediləcək. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunacaq.
Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil ediləcək.
Festival çərçivəsində Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Natiq Şirinov, Əməkdar artist Miri Yusif və digər tanınmış incəsənət ustaları və qruplarının iştirakı ilə konsert proqramları keçiriləcək, diskotekalar təşkil olunacaq, açıq havada şərabçılığa dair filmlər nümayiş etdiriləcək.
Avqustun 31-də həm də festival tədbirləri başlayanadək yoqa, karate və gimnastika məşqlərində iştirak etmək olacaq. Festival çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına gecə turları, İsmayıllı rayonunun Lahıc kəndinə ekskursiyalar, Şamaxı, İsmayıllı, Ağsu rayonları ərazisində yerləşən şərab təsərrüfatlarına dequstasiya turları da təşkil ediləcək.
Festivalda iştirak əvvəlcədən qeydiyyatladır və ödənişsizdir. Elektron qeydiyyatdan festivalın rəsmi saytında (www.winefest.az) keçmək mümkündür.