Bakı şadlıq evlərinə toy sifarişləri dayanıb; ilahiyyatçı: “Elə məsələlər var ki, şəriətdə qeyd olunmayıb...”
Bu il Məhərrəm ayı sentyabrın 1-də başlayacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Məhərrəm ayı sentyabrın 29-dək davam edəcək. Məhərrəm ayının 10-cu günü, yəni sentyabrın 10-u Aşuraya təsadüf edəcək.
Məhərrəm ayı başa çatdıqdan sonra ənənəvi olaraq Səfər ayı başlayacaq. Səfər ayı isə oktyabrın 29-da başa çatacaq. Beləliklə, ölkəmizdə şiə məzhəbinin nümayəndələri Məhərrəm və Səfər ayında, ümumilikdə 60 gün matəm saxlayacaq, toy və mərasim keçirməkdən imtina edəcəklər.
Onu da xatırladaq ki, bir çox müsəlman ölkələrində, xüsusən də sünni məzhəbində olanlar məhərrəmlik yasaqlarına ciddi şəkildə əməl etmir. Azərbaycanda da sünni məzhəbinə mənsub insanların yaşadığı bölgələrdə bəzən böyük və kiçik toy məclislərinin, nişan və digər bu kimi şənliklərin keçirildiyinin şahidi oluruq. Məsələn, deyilənə görə, Qazağın yalnız 2-3 kəndində məhərrəmlik adət-ənənələrinə əməl olunur. Burada məhərrəmlik dövründə də digər aylarda olduğu kimi, toy-nişan mərasimləri keçirilir. O cümlədən Zaqatala-Balakən, Şəki, Qusar bölgələrində məhərrəmlik yasaqlarına o qədər də riayət olunmadığı bildirilir. Lakin həmin bölgələrdə yaşayanlar əksər hallarda məhərrəmlik yasaqlarında əməl etməsələr də, böyük toy məclisi keçirməkdən çəkinir, bu ayda toy edilərsə, uğursuzluq olacağını düşünürlər.
Bəs Bakıda Məhərrəm ayında toy sifarişi verənlər olacaqmı? Məsələni daha yaxından öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı kimi paytaxtdakı bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq.
“Xəzər Palace”nin administratoru əməkdaşımıza açıqlamasında bildirdi ki, sentyabr və oktyabr ayı üçün heç bir sifariş almayıblar: “Ümumiyyətlə, heç vaxt Məhərrəm ayında toy sifarişi almırıq. Bu, mümkün də deyil, heç kəs bu ayda toy etmir”.
“Lido Saray”ın da administratoru matəm ayında heç bir zaman sifariş almadıqlarını bildirdi: “Bu müddət ərazində demək olar ki, heç bir fəaliyyətimiz olmur, heç bir sifariş qəbul etmirik, məkanımız bağlı elan olunur. Bu günə qədər heç vaxt bu ayda sifariş almamışıq. Amma sifariş olsa da, dinimizə hörmətlə yanaşaraq qəbul etmərik”.
“Çıraq Plaza”nın administratoru isə qeyd etdi ki, toy məclisi olmasa da, bəzən kiçik şənlik məclisləri ilə bağlı sifarişlər alırlar: “Məlum məsələdir ki, Məhərrəm ayında heç kəs toy etmir - eləcə də Bakıda. Bu il də sentyabr və oktyabr ayı üçün heç bir sifariş almamışıq. Amma kiçik məclislərlə bağlı sifarişlər olanda həyata keçiririk”.
Digər şadlıq sarayı və restoranlardan da eyni cavab aldıq.
Bəs dinimiz Məhərrəm ayında toy və şənliyi qadağan edirmi? Mövzu ilə bağlı ilahiyyatçı Emil Rahiloğlu “Yeni Müsavat”a danışdı: “Bəzi məsələlər var ki, şəriətdə qeyd olunmayıb. Buna yazılmamış qanunlar da demək olar, yəni onları sırf şəriət tənzimləmir. Bu məsələlərdən biri də əzadarlıq məsələsidir. Məlum olduğu kimi, yaxınımızı itirəndə nəinki toy məclisi etmir, hətta ailəyə yaxın kimsə toy məclisi edəndə bunu xoş qarşılamırıq. Halbuki ailə qurmaq dinimizdə bəyənilmiş bir işdir. Lakin gördüyümüz kimi, bu məsələdə fikirlər çox zaman toqquşur. Peyğəmbər ailəsindən, canından olan şəxsiyyətlər Kərbəla çölündə vəhşicəsinə, məzlumcasına susuz şəhid olub. Onların sayı 1-2 deyil, çoxlu sayda olub. Qadınlar əsir aparılıb, körpələr oxla öldürülüb. Bu tarixi faciədir ki, peyğəmbərimiz hələ bu faciə baş verməmişdən uzun illər əvvəl o hadisə üçün ağlayıb. Bu bizim tariximizdə çox açıq-aydın şəkildə, heç bir məzhəb fərqi tutulmadan qeyd olunub. Hədislərimizdə də var, peyğəmbərimiz nəinki İmam Əliyə ağlayıb, hətta digər peyğəmbərlər də Kərbəla hadisəsinin baş verəcəyini bildirib, ağlayıblar. Yəni Məhərrəm ayı, Aşura məsələsi sıradan bir məsələ deyil və çox böyük bir faciədir. Bu faciəyə yas saxlamaqla tarixdə necə böyük haqsızlığın baş verdiyini, peyğəmbər ailəsinə edilən zülmü xatırladır və insanlara çatdırmağa çalışırlar. Beləliklə, iki ay ərzində toy etməməklə ictimai fəsada yol verilmir. Yəni iki ay toy etməyə bilərik, bu ənənəni bizdən əvvəlki nəsillər də edib. İndi də bu ənənəni davam etdiririk və cəmiyyətimiz də bunu qəbul edir. Doğrudur, bəziləri indi çalışır ki, Kərbəla faciəsini sual altına alsınlar, buna sırf xroniki tarix kimi yanaşsınlar. Bu gün Azərbaycanın hər bir gəncinin İmam Hüseyn əxlaqına, ideologiyasına, Aşura təfəkkürünə ehtiyacı var, hansı ki, hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Şəhadət ruhiyyəsi bizdə torpaqlarımızın azad olunmasını aşılaya bilər”.
Xatırladaq ki, Məhərrəm ayı İslam peyğəmbərinin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biridir. Lakin Məhərrəm ayının 10-cu günü İslam tarixinə Aşura günü, İmam-Hüseyn (ə) və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Aşuranın qırxıncı günündən sonra 10 gün də Səfər ayı üçün matəm günü hesab olunmasının da öz mənası var. Belə ki, Məhərrəm ayında müharibə etməkdən çəkinən ərəb tayfaları Səfər ayından başlayaraq öz münaqişələrinə davam edib, müharibələr üçün hazırlıqlara başlayıblar. Bəzən bu ayı nəhs ay kimi də qəbul edirlər. Lakin dini ekspertlər qeyd edir ki, bu inancın dini əsası yoxdur. Beləliklə, Məhərrəmlik ay 60 gün çəkmiş olur. Amma digər müsəlman ölkələri var ki, məsələn, İranda məhərrəmlik əsasən 40 gün çəkir.
istinad