"Bakı Metropoliteni" QSC-nin əməkdaşları "Dəmirçi Plaza"nı işıqsız qoyub.
Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, "Bakı Metropoliteni"nin yaxın günlərdə təmirdən sonra açılacaq "Xətai" stansiyası ətrafında abadlaşdırma işləri aparılıb.
Bu zaman metropoliten əməkdaşları "Dəmirçi Plaza"ya gedən elektrik xəttinə toxunublar. Hadisə nəticəsində "Dəmirçi Plaza"da yerləşən 100-dən çox ofis işıqsız qalıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli qeyd edib ki, ərazidə görülən işlər texniki plan əsasında aparılıb:
"Metropoliten əməkdaşları ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri görüblər. Aparılan işlər zamanı yerdən keçən elektrik kabeli zədələnib. Bu işlər sırf "Bakı Metropoliteni"nə aid olan ərazidə aparılıb. Yenə də qeyd edim ki, görülən işlər həmin ərazinin planı əsasında görülüb.
Buradan sözügedən binanın elektrik naqili keçirsə, bu, məsələnin ayrı tərəfidir. Əməkdaşlar əvvəlcədən bilsəydi, bu barədə qarşı tərəfə məlumat verər, ehtiyat tədbirləri görərdilər".
"Azərişıq" ASC-dən isə hadisə ilə bağlı saytımıza verilən məlumatda "Dəmirçi Plaza"dan "qaynar xətt"ə çağırış daxil olduğu bildirilib:
"Xətai" metrostansiyasının açılışı ilə əlaqədar həmin ərazinin yaxınlığında yaşıllaşdırma, abadlaşdırma işləri aparılır. Ərazidə havadan və yerdən gedən elektrik naqilləri də var. Ehtiyatsızlıq səbəbindən orada iş aparanlar binaya gedən xəttə toxunub və xətt qırılıb.
İdarəyə məsələ ilə bağlı çağırış daxil olub. Əməkdaşlarımız əraziyə göndərilib, problem aradan qaldırılıb. Hazırda binada elektrik enerjisinin verilişində heç bir problem yoxdur".
"Dəmirçi Plaza"dan da artıq binaya elektrik enerjisinin verilişinin bərpa olunduğu bildirilib.