Bakı Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara əsasən paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilib və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb.
Qəzalı vəziyyətində olan binalardan biri də Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb.
Vaxtı ilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə bina qəzalı hesab edilərək sakinlərin oradan köçürülməsinə başlanıb. Həmin ildə binadan 23 ailə köçürülüb, sonradan isə işlər yarımçıq qaldığından burada boşalmış mənzillər məcburi köçkünlər tətəfindən zəbt olunub.
Son illərdə binada vəziyyət daha da ağırlaşıb, 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləyib, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub.
Hazırda binadan sakinlərin köçürülməsi işləri davam edir. Bununla əlaqədar bəzi sakinlər ayrılan kömpensasiyaların onları qane etməmələri və digər tələblər irəli sürərək öz narazılıqlarını bildiriblər.
Ölkə başçısı İlham Əliyevin və birinci Vitse-prezident Mehriban Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olub, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olub, istək və arzularını dinləyiblər.
Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayaraq bildirib ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir: “Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ şəhər üzrə maksimum həddə müəyyən edilib”.
Görüşdə edilən müraciətlərlə bağlı yaşayış sahələrinin yenidən ölçülməsi ilə bağlı müvafiq tapşırıq verildi. Eyni zamanda binada məskunlaşmış məcburi köçkünlərin yerləşdirilməsi və bu zaman onların arzu və istəklərinin nəzərə alınması ilə bağlı Dövlətqaçqınkoma müraciət edilib.
Eldar Əzizov bildirib ki, Birinci Vitse-Prezident Mehriban Əliyeva tərəfindən bu bunada həyata keçiriləcək köçürmə işlərinin tez bir zamanda, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırılar verilib, məsələ nəzarətə götürülüb. Həmçinin sakinlərə bildirilib ki, söküləcək binanın yerində hər hansı çoxmərtəbəli bina və ya ticarət obyektinin inşası nəzərdə tutulmayıb.
2 saatdan çox çəkən görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərə mövcud Qanunvericiliyə uyğun olaraq real imkanlar dxilində hər cür köməklik göstəriləcəyini, binada köçürülmə işlərinin nəzarətdə saxlanılacağını qeyd edib. Sakinlər görüşdən razı qaldıqlarını bildiriblər.