İyulun 22-də - ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda bir neçə media təmsilçisi ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər.


Bizimaz.az: Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, medianın inkişafı üçün  üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir.

Özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyatı dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstəriblər.

Polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınmış və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.

Onlar bununla kifayətlənməyərək anoloji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıb.

Lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib.

Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb. Orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.