Möhtərəm Prezidentimiz!
Mən, Quliyev Telman öz və ailəmin adından Sizə dövlətimizin və xalqımızın gələcəyi naminə göstərdiyiniz səylərə, ölkə əhalisinin rifahının yaxşılaşdırılması üçün iqtisadi və sosial sahədə verdiyiniz sərəncamlara görə minnətdarıq.
Mənim ailəm Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayır. Yaşadığımız ünvan 07.04.2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı göstərilib. Lakin Maliyyə Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyətinə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrilmış vəsait hesabına qəzalı binadan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə orada yaşayan ailələrin birdəfəlik maddi yardım ( hər ailəyə 35000 manat ) ödənilməklə köçürülməsi üçün nəzərdə tutulan məbləği Suraxanı Rayon İcra Hakimiyyəti "qeyri-bərabərlik" və "ədalətsizlik" prinsipi əsasında ayırdığından mənim ailəm və binadakı ailələrin bir qismi məcbur olub qəzalı binada yaşamağa davam edirlər.
Belə ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı cənab İlqar Abbasovun 89 nömrəli sərəncamı əsasında yaradılan komissiya tərəfindən 03.08. - 25.08.2017-ci il tarixlərində qəzalı binada aparılan inventarlaşdırma zamanı binada yaşayan əhalinin və ailələrin sayı dəqiqləşdirilərkən ayrı-ayrı mənzillərdə yaşayan, qohum olan ailələrin üzvləri bir ailə tərkibində göstərildiyindən iki ailə olanlara 1 birdəfəlik maddi yardım ayrılmışdır. Bu haqsızlığa uğramış ailələri Suraxanı RİH rayon məhkəməsi vasitəsi ilə iddia ilə çıxış edərək onların ( ailələrin ) qarşısında yaşadıqları mənzillərin 1 birdəfəlik maddi yardım qarşılığında boşaltmaları haqqında öhdəliyin qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
Qeyd edim ki, Suraxanı RİH birdəfəlik maddi yardımı ailələrə yaşadıqları və sahibi olduqları mənzillərə görə deyil, ailə sayına görə ayırıblar. Lakin ailələrin sayını iki ailəni bir ailəni tərkibində göstərərək azaldıblar. Suraxanı RİH ailələrin binaya qeydiyyatının, mənzilə mülkiyyətinin, olub-olmamasını deyil, binada faktiki yaşayışın olmasını əsas götürmüşlər.
Bir ailə tərkibində göstərilən ailələrdən bir neçəsinin adını və onlara Suraxanı RİH-nin münasibətini nəzərinizə çatdırıram:
1) Dövlətov Ibrahimin ailəsi (özü, arvadı və oğlu ) və onun kürəkəninin ailəsi ( Abduləliyev Zöhrab, arvadı və 3 övladı ). Suraxanı RİH siyahıya alınma vaxtı bu iki ailəni bir ailə kimi göstərib 1 birdəfəlik maddi yardım ayırmışdır. Daha sonra isə özlərini haqlı göstərmək üçün Abduləliyevlər ailəsinin orada yaşamadıqlarını iddia etmişlər.
2) Babayeva Qəmərin ailəsi ( özu və qızı ) və oğlunun ailəsi ( Babayev Rəşad, arvadı və 2 övladı ). Bu ailəni də siyahıya alınma zamanı bir ailə kimi göstərmiş, ananın oğulun ailəsi ilə birgə yaşaya biləcəyini iddia etmiş, ananın qız övladının isə orada qeydiyyatının olmamasını əsas götürmüşlər. Halbuki, bina qəzalı göstərilənə qədər ana öz qızı ilə ayrı bir otaqlı mənzildə yaşamışlar ( hər mənzilin öz qapısı var, mənzillərin giriş və çıxışları bir deyildir ) və qeydiyyata əsasən vəsait bölgüsü aparılmamışdır. Belə ki, qeydiyyatı başqa rayonlara olan ailələrə birdəfəlik maddi yardım verilmişdir. Suraxanı RİH bu faktı inkar etmədiyi halda Babayevlər ailəsi ilə bağlı qərarı anlaşılan deyildir.
3) Rəhimova Nailə və kürəkəninin ailəsi ( Qurbanov Kərəm, arvadı və 2 övladı ). Qurbanov Kərəmə və ailə üzvlərinə ayrıca birdəfəlik maddi yardım ayrılmamış, qayınanası N.Rəhimova xanıma ayrılan vəsaitin onun ailəsinə də şamil olunduğu bildirilmişdir. N.Rəhimova xanımın digər kürəkəninin ailəsinə isə ( Sadıqov Baba, arvadı və 2 övladı ) ayrıca birdəfəlik maddi yardım ayrılmışdır. Hər iki kürəkən eyni ananın qız övladları ilə ailə qurduqları halda onlardan birinə qayınana ilə birlikdə, digərinə yalnız öz ailə üzvləri ilə ayrıca maddi yardım ayrılmışdır. Onu da nəzərinizə çatdırıram ki, hər 3 ailə üzvləri ayrı-ayrı mənzillərdə yaşamışlar.
4) Məmmədova Xatirə İbrahim qızına isə binanın qəzalı olması səbəbindən sahibi olduğu birotaqlı mənzilin müqabilində heç bir vəsait ödənilməmişdir. Amma qeyri-yaşayış yeri kimi göstərilən 3 birotaqlı kiçik sahələrin ( cəmi 29.6 kv.metr ) 3 sahiblərinə isə 40000 manat olmaqla vəsait ödənilmişdir. Yəni binada yaşamadığı aşikar olan şəxslərə, həm də yaşayış yeri olmadığına baxmayaraq vəsait ayrıldığı halda, X.Məmmədova xanıma faktiki mənzi-yaşayış yerinə görə vəsait ayrılmamışdır.
5) Qurbanov Elbrus və Qurbanova Afaq 2016-ci ildə boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişlər və 2017-ci ilin yanvar ayında məhkəmə qərarı ilə rəsmi şəkildə boşandıqları və bina 07.04.2017-ci il tarixində qəzalı göstərildiyi halda onlara (uşaqları ilə birgə ) 1 birdəfəlik maddi yardım verilmişdir. Bildiyimiz kimi evlənmə və boşanma qanun və dini baxımdan qəbul olunan və tanınan hallardır. Lakin nigahları bina qəzalı ğöstərilməmişdən çox öncə pozulduqları halda Suraxanı RİH bunu şübhə altına almışdır, halbuki hər iki şəxs ayrı-ayrı mənzillərdə yaşayırlar. Onu da qeyd edim ki, bina qəzalı göstərilən tarixə yaxın müddətdə nigah quran və beləcə yeni ailə olan şəxslərin izdivaclarına şübhə edilməmiş, özlərinə və valideynlərinə ayrıcalıqda, yəni 2 birdəfəlik maddi yardım verilmişdir.
Hal-hazırda Suraxanı rayon icra və probasiya şöbəsi tərəfindən qəzalı binadakı mənzillərini boşaltmaları haqqında məhkəmələri davam etməyən və bununla bağlı olaraq məhkəmə qətnamələri qanuni qüvvəyə minmiş ailələrə "Ramazan" bayramı gününədək mənzillərini boşaltmaları haqqında xəbərdarlıq edilmiş və vaxt verilmişdir.
Suraxanı RİH vəsaiti mənzillərə görə deyil, ailə sayına ayırdığını bildirir. Bu fakt özlüyündə vətəndaşın mülkiyyət hüququnun (Mülki Prosesual Məcəllə - Maddə:151.2 sahiblik hüququ) tanınmaması deməkdir. Halbuki, mülkiyyət qanunla qorunur və qəzalı binaya ayrılan vəsait o vaxt kiməsə şamil oluna bilər ki, həmin binada mənzili olsun. Yəni mülkiyyətin olması şərtdir!
Yuxarıda göstərilənləri nəzərə alaraq məsələnin araşdırılması üçün tərəfinizdən tapşırıqlar verilməsini və haqsızlığa son qoyulmasını Sizdən xahiş edirik.