Azərbaycan Hava Yolları QSC “Boinq 737 MAX-8” təyyarələrini almaqdan imtina edib.
Bizimaz.az: Bu barədə Axar.az-a “Azərbaycan Hava Yolları”nın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, ötən müddətdə “Boinq 737 MAX-8” hava gəmiləri ilə baş verən 2 aviasiya qəzasının təhlili nəticəsində AZAL mövcud müqaviləyə xitam verilməsi üçün “Boinq” korporasiyası müraciət edib.
Qeyd edək ki, AZAL ilə “Boinq” korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində ümumilikdə 10 ədəd “Boinq 737 MAX-8” tipli təyyarə gətirilməli idi.
Xatırladaq ki, ötən il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boinq 737 MAX-8” tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.