Xəbər lenti

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanın icrası istiqamətində işlər uğurla icra olunur. Belə ki, artıq 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilib.

Azərtac xəbər verir ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Məhz bu Fərman da istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Həmin sənəd 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir. Ümumilikdə, bu Fərman 400-dək yaşayış kompleksinə şamil olunub, 50 minədək mənzili əhatə edir.

Əmlak ekspertlərinin fikrincə, Fərmanla Bakıdakı çoxmənzilli binaların 70-80 faizində qeydiyyat problemi həll olunacaq. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Əmlak Məsələləri Dövlət Komitəsi: 300-dək mənzilə dair çıxarışlar sahiblərinə təqdim olunub

Bu vaxtadək bir neçə yeni binada yerləşən 300-dək mənzilə dair çıxarışlar sahiblərinə təqdim edilib. Həmin binalar Bakının Səbail, Nəsimi, Yasamal, Xətai, Nərimanov və Nizami rayonlarında yerləşir. Fərmanın icrası üzrə vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçirilir.

Fərmanın icrasının yalnız bir hissəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) üzərinə düşdüyünü qeyd edən komitənin şöbə müdiri Qulu Xəlilov bu istiqamətdə aidiyyəti dövlət qurumlarının əlaqəli işinin vacibliyini vurğulayıb:

“Artıq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə əlaqəli fəaliyyəti ilə müsbət nəticələr əldə olunub. Əmlak Məsələləri Dövlət Komitəsi bu prosesin yekun mərhələsində vətəndaşlara çıxarışlar təqdim edən qurumdur. Belə ki, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İB Fərmanın icrası ilə əlaqədar birgə fəaliyyət göstərirlər. Bu prosesdə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə işlərin yalnız 20 faizi düşür. Digər sənədləri aidiyyatı qurumlar təqdim edir”.

Respublika üzrə orta hesabla gündəlik 1030-dək, Bakıda isə 330-dək elektron çıxarış verilir

Prezident İlham Əliyevin 2019-cu il 29 mart tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında” imzaladığı Fərmana əsasən, daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada verilir. Aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi reyestr ofislərində çıxarışlar 1, 3, 7 və 10 iş günündə yalnız elektron qaydada hazırlanır. Elektron çıxarışlar “Elektron hökumət” portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.

“Qanuna edilmiş dəyişikliyin əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və optimallığı artırmaqdır. Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Hazırda respublika üzrə orta hesabla gün ərzində 1030-dək, o cümlədən Bakı şəhəri üzrə isə 330-dək elektron çıxarış hüquq sahiblərinə təqdim edilir. Bu sahədə prosedurların sadələşməsi, optimallığın artırılması nəticəsində çıxarışlar, hətta 1 iş günü ərazində də verilir”, - deyə Q.Xəlilov bildirib.

Əmlak Xidmətləri Məkanında 70 minədək vətəndaş müraciəti qeydə alınıb

Bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarıb. Belə ki, cari ilin yanvar-aprel aylarında ölkə üzrə 72,4 minədək daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19,7 minədək (27,2 faizi) ilkin, 52,7 minədək (72,8 faizi) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13,4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36,5 mini torpaq sahəsi, 1500-dək qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-dək isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.

Dörd ayda, həmçinin 62,5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib. Bu müddətdə 15 minədək ipoteka müqaviləsi, 1117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minədək məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Cari ildən istifadəyə verilən Əmlak Xidmətləri Məkanında isə artıq 70 minədək vətəndaş müraciəti qəbul edilib. Həmçinin daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət haqqı və dövlət rüsumunun elektron qaydada, heç bir qeydiyyatdan keçmədən real vaxt rejimində öyrənməsinə imkan verən “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan ümumilikdə 30,5 mindən çox vətəndaş istifadə edib. Vətəndaşlara ünvanlarında qeydiyyat xidmətləri göstərən “Əmlakını qeydiyyat al və mülkiyyətinə sahib ol” kampaniyası da əhatə dairəsini genişləndirməkdədir.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov