Fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.
Bizimaz.az: Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 455 min 745 nəfər yararlanıb. Müraciət edənlərin 279349 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.
Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 104 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb.
Müayinələr zamanı 21426 nəfər hospitalizə olunub, 56083 şəxs dispanser nəzarətinə alınıb, 1802587 nəfər əlavə müayinələrə cəlb olunub.
Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 99 min 233 nəfər sağlamlaşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi keçirilir.