Universitetin Fəxri Professoru, qocaman elm xadimi Əliqulu Quliyev bu gün də gənc nəslin elm və təhsil sahəsində formalaşmaları işinə öz misilsiz tövhələrini verməkdədir Bu gün ölkənin sayılıb-seçilən, respublikanın təhsil sistemində kifayət qədər yüksək nüfuza sahib olan ali təhsil müəssisələrindən biri də Gəncə Dövlət Universitetidir. Zəngin ənənələri, şərəfli tarixi olan bu elm və təhsil ocağı indiyədək ölkəmiz üçün minlərlə yüksək ixtisaslı peşəkar kadrlar yetişdirmişdir. Bu gözəl ənənə bu gün də davam edir.
Yeniliklər uğurla tətbiq olunur
Gəncə Dövlət Universiteti indinin özündə də Azərbaycan təhsilinə öz dəyərli töhfələrini verməkdədir. Hal-hazırda universitetdə 8 fakültə və 13 şöbə fəaliyyət göstərir. Bakalavr səviyyəsində əyani şöbədə 40 ixtisasda 5058, qiyabi şöbədə 7 ixtisas üzrə 424, magistratura səviyyəsində isə 306 nəfər olmaqla, bütövlükdə 5788 tələbə təhsil alır.Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Bütün bu göstəricilər isə keyfiyyətli təhsilə imkan yaradır.
Digər tərəfdən də, bu gün Gəncə Dövlət Universitetinin uğurlarından danışarkən universitetin professor-müəllim heyətinin də danılmaz xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. Belə ki, hazırda universitetdə çalışan 555 nəfər müəllim heyətindən 17 nəfəri elmlər doktoru, professor; 151 nəfəri dosent; 303 nəfər fəlsəfə doktoru, baş müəllim və 84 nəfəri isə müəllimdir. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 5 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. Əlbəttə ki, bu böyük kollektivdə öz fədakar əməyi ilə digər əməkdaşları da səmərəli fəaliyyətə stimullaşdıran, ümumi işin yüksək effektivliyinin təmin olunmasında xüsusi rolu olan universitetin belə demək mümkünsə, əsas daşıyıcı sütunları sayılan qocaman elm xadimlərinin də öz yerləri var. GDU-nun belə elm və təhsil fədailərindən biri də Gəncə Dövlət Universitetinin Fəxri professoru, Azərbaycan Respublikasının Əməkdar MüəllimiƏliqulu Quliyevdir.
Elm və təhsilə həsr olunmuş ömür
20 yaşında ali təhsil almaq məqsədilə Gəncəyə gələn Əliqulu Quliyevin öz gələcək planlarına dair heç bir şübhə və tərəddüdü yox idi. O, riyaziyyat müəllimi olacaqdı. Səbəb də bu idi ki, özünün oxuduğu məktəbdə ali təhsilli riyaziyyat müəllimi yox idi. 1964-cü ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən və yenicə ailə həyatı qurmuş Əliqulu müəllim təyinatla Yevlax rayonuna gəldi. Respublikada qabaqcıl təcrübəsi ilə məşhur olan Xaldan məktəbində pedaqoji fəaliyyətə başladı. Tələbəlik illərində elmə xüsusi marağı ilə seçilən, bu səbəbdən müəllimlərinin diqqətini cəlb edən Əliqulu Quliyevi bu həvəs orta məktəbdə işlərkən də rahat buraxmadı. Orta məktəbdə işləyə-işləyə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına qəbul olundu. Bir il sonra müsabiqə ilə məzunu olduğu Gəncə Dövlət Universitetinin həndəsə və elementar riyaziyyat kafedrasına müəllim təyin edildi.
Artıq 55 ilə yaxındır ki, Əliqulu Quliyev Gəncə Dövlət Universitetində tələbələrin təhsili, tərbiyəsi, onların həyata hazırlanması, yüksək səviyyəli mütəxəssis kimi yetişməsi sahəsində əzm və fədakarlıqla çalışır, son dərəcə uğurlu fəaliyyət göstərir. Ömrünün müdriklik dövrünü, 80-ci baharını yaşayan Əliqulu müəllim öz peşəkarlığı, tələbkarlığı və eyni zamanda da qayğıkeşliyi ilə təkcə çalışdığı fakültədə yox, bütün universitetdə professor-müəllim və tələbə kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır.
Bacarıqlı rəhbər, təcrübəli pedaqoq
Yüksək elmi potensialı, zəngin pedaqoji təcrübəsi, müasir idarəçilik üsullarını tətbiq etmək bacarığı və ən əsası da gözəl insani keyfiyyətləri nəzərə alınaraq, Əliqulu Quliyev çalışdığı Gəncə Dövlət Universitetində daim rəhbər vəzifələrə irəli çəkilmişdir. Belə ki, o, on il ərzində GDU-nun riyazi analiz kafedrasınarəhbərlik etmişdir.Kafedraya rəhbərliyi dövründə işçilər arasında əmək və tədris intizamı möhkəmlənmiş, müəllim heyətinin tərkibinin keyfiyyətcə yaxşılaşdırılması daim diqqət mərkəzində olmuş, gənc müəllimlərlə iş günün tələbləri səviyyəsində qurulmuş, “Açıq dərs”lərin təşkilinə, qabaqcıl təcrübənin yayılmasına, xüsusi fikir verilmişdir. Kafedra əməkdaşları tərəfindən dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin, fənn proqramlarının hazırlanması ön planda olmuşdur. İdarə etdiyi kafedra öz yüksək göstəriciləri ilə həmişə ön sıralarda olmuşdur. Bu uğurların nəticəsi olaraq, Əliqulu Quliyev 2006-cı ildə fakültə kollektivinin istəyi ilə riyaziyyat-informatika fakültəsinə dekan seçilmişdir.Dekan seçildikdən sonra Əliqulu müəllimin fəaliyyət dairəsi daha da genişlənmiş və o, bu vəzifənin də öhdəsindən bacarıqla gəlmişdir. Bu dövrdə Əliqulu Quliyev fakültənin pedaqoji və elmi potensiala malik müəllimlərinin bütün səylərini, bilik və bacarıqlarını tələbələrin təlim və tərbiyəsinin daha da yaxşılaşdırılmasına yönəltməyə müvəffəq olmuşdur. Məhz onun rəhbərliyi dövründə fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsinə, kredit sistemi ilə tədrisin səmərəliliyinin artmasına xüsusi əhəmiyyət verilməyə başlandı. Sonrakı illərdə də imtahan sessiyalarının nəticələrinə görə fakültə həmişə öndə oldu. İtaliyanın Tuşşiya, Bolqarıstanın Rousse, Latviyanın Rezekne universitetləri ilə əməkdaşlıq əlaqələri yaradıldı. Xarici universitetlərlə əlaqələr həmin universitetlərdə müəllimlərin təcrübə mübadiləsi aparmasına, xarici vətəndaşların GDU-da, eləcə də tələbələrimizin xaricdə təhsil almalarına şərait yaratdı. Fakültədə tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması və nailiyyətlərinin qiymətləndirilməsi onların elmə daha böyük maraq göstərməsinə təkan verdi.
Riyaziyyat vurğunu, elm fədaisi
Birmənalı olaraq demək lazımdır ki, Əliqulu müəllim pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat sahəsində də böyük uğurlar qazanmışdır.Öz əsaslı elmi araşdırmalarına Əliqulu Quliyev 1974-cü ildə, “Məxsusiyyəti olan polinominal əmsallı adi diferensial tənliklərin ümumiləşmiş funksiyalar fazasında həlli” mövzusunda dissertasiyanın müdafiəsi ilə başlayıb. Qeyd edək ki, onun bu tədqiqat işini akademiklər Q.Şilov, C.Allahverdiyev, F.Maksudov və başqaları yüksək qiymətləndirmişdilər. Ə.Quliyevin indiyə qədər 100-ə yaxın elmi məqaləsi ölkəmizdə və xaricdə elmi məcmuələrdə nəşr olunmuşdur. “Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi”, “Bul cəbri və alqoritmlər nəzəriyyəsi”, “Riyaziyyat tarixi”, “Riyaziyyat tarixindən oçerklər”, “Riyaziyyatdan məsələ və misallar (həlli ilə)”, “Riyazi məntiq. Çoxluqlar nəzəriyyəsinin aksiomatik qurulması” adlı dərs vəsaitləri, iki hissəli “Cəbr və ədədlər nəzəriyyəsindən metodiki göstəriş” adlı əsərləri müəllim və tələbələrin stolüstü kitablarına çevrilmişdir. Həmçinin GDU-da riyaziyyat-informatika fakültəsinə rəhbərlik etdiyi dövrdə də Əliqulu müəllim həm müəllimləri, həm də tələbləri elmi tədqiqatlar istiqamətində fəaliyyətə hər zaman həvəsləndirib. Məhz həmin vaxtdan etibarən fakültədə elmi konfransların, elmi seminarların keçirilməsi ənənə halını aldı. Hər il müəllim və tələbələrin elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş elmi konfranslar keçirildi. 2007-ci il noyabrın 29-30-da keçirilən “İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsilin aktual problemləri. Elektron idarəetmə”, 2008-ci ildə universitetin 70 illik yubileyinə həsr edilmiş “Riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər” adlı beynəlxalq konfranslar fakültənin nüfuzunu qat-qat artırdı. Kafedralarda elmi seminarların keçirilməsinə xüsusi önəm verildi. Müxtəlif mövzularda keçirilən elm seminarlar müəllim və tələbələrin böyük marağına səbəb olmuşdu. Bundan başqa, Əliqulu müəllimin təşəbbüsü ilə fakültənin ayrıca kitabxanası, saytı və elektron poçtu yaradılmış, fakültənin tədris göstəriciləri və gündəlik həyatı haqqında informasiyalar müntəzəm olaraq orada öz əksini tapmışdır. Görülən işlərdə o, fakültə əməkdaşlarının potensialından da hər zaman səmərəli istifadə edib. Təsadüfi deyil ki, Əliqulu müəllimin yetirmələri arasında özü ilə çiyin-çiyinə çalışan, eləcə də ölkənin müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən elmlər və fəlsəfə doktorları, baş müəllimlər, orta məktəblərdə çalışan əməkdar müəllimlər, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş, dövlət təltifləri ilə mükafatlandırılmış müəllimlər vardır.
Ə.Quliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilir
Əliqulu Quliyevin səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri həmişə universitet rəhbərliyinin, Təhsil Nazirliyinin diqqət mərkəzində olmuş, dəfələrlə təşəkkürlərə, fəxri fərmanlara layiq görülmüşdür. Əliqulu müəllim müxtəlif illərdə universitet rəhbərliyinin, 2004-cü ildə Respublika Təhsil Nazirliyinin, 2013-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanını almış, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.2018-ci ildə isə Əliqulu Quliyevə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.Yüksək elmi nailiyyətlərinə və əldə etdiyi uğurlarına görə Əliqulu Quliyev 2013-cü ildə Universitet Elmi Şurasının qərarı ilə Universitetin Fəxri professoru seçilmişdir. Bu adı özünün çoxillik əməyinə verilən ən böyük qiymət hesab edən Əliqulu müəllim bu gün də elmi-pedaqoji fəaliyyətini yüksək səmərəliliklə davam etdirir. Gənc müəllim və mütəxəssislərin yetişməsində əzmlə çalışır. Universitetin bütün ictimai işlərində fəallıq göstərir. Bu gün Əliqulu Quliyev universitet üzrə “Dekan və kafedra müdirlərinin seçkilərinin təşkili” və “İntizam” komissiyalarının üzvü, “Tədrisə nəzarət” və “Etika” komissiyalarının sədridir.
Heç şübhə etmirik ki, Əliqulu müəllim hələ uzun illər gənc nəslin elm və təhsil sahəsində formalaşmaları işinə öz misilsiz tövhələrini verməkdə davam edəcək, onun zəngin təcrübəsindən isə bundan sonra hələ bir çox nəsillər bəhrələnəcəklər. Həqiqətləri təhrif etməyək
Təəssüflər olsun ki, son vaxtlar bəzi elektron informasiya vasitələrində ölkənin tanınmış, nüfuzlu elm, mədəniyyət və ictimai xadimlərinə qarşı düşünülmüş şəkildə “qara piar” kampaniyalarının aparılması bir tendensiya halını almaqdadır. O cümlədən, bəzi saytların səhifələrində Əliqulu Quliyevə qarşı da böhtan xarakterli məlumatların əks olunduğu materiallar dərc edilməkdədir. Tam məsuliyyətilə bəyan etmək istərdik ki, həmin materiallarda irəli sürülən ittihamların heç birində həqiqəti əks etdirə biləcək zərrə qədər də olsun obyektiv informasiya yoxdur. Əksinə, müəyyən qüvvələr bu vasitə ilə Əliqulu müəllimin nüfuzuna xələl gətirməyə, onun 80 il ərzində ləyaqətlə daşıdığı, hər cür pisliklərdən öz şərəfi, elmi və zəhməti ilə qoruyub saxladığı təmiz adına ləkə salmağa çalışırlar. Çox təəssüflər olsun ki, bəzi bizim həmkarlarımız da belələrinin əllərində qeyri-iradi olsa belə, bəzən bir alətə çevrilirlər.
Buna görə də biz bir daha bu həmkarlarımıza müraciət edərək, onları belə həssas məqamlarda son dərəcə ehtiyyatlı olmağa çağırırıq. Diqqət edin, bu gün kimlərinsə hədəfə aldıqları Əliqulu Quliyev ölkənin nüfuzlu ali təhsil müəssisələrindən birinin Fəxri Professoru, həmin universitetin məsul vəzifəli əməkdaşıdır. Deməli, baxdığımız halda Əliqulu müəllimə qarşı düzənlənən hücumlar eyni zamanda Gəncə Dövlət Universitetinin bütün kollektivinə qarşı planlaşdırılıb. İkinci bir tərəfdən, Əliqulu Quliyev, artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişvə 2018-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Belə çıxır ki, Əliqulu müəllimin dövlətimiz tərəfindən yüksək qiymətləndirilən xidmətləri, ona qarşı çıxan qaragüruhçular tərəfindən qətiyyən qiymətləndirilmir. Belə olduğu halda, Respublikanın Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təltiflərinin bu şəxslər tərəfindən ümumiyyətlə hesaba alınmaması heç də təəccüblü görünmür...
Lakin belə bir davranış tərzi Azərbaycan mətbuatı deyilən bir ictimai formasiyada yer almağa iddialı olan heç bir inormasiya vasitəsinə qətiyyən yaraşmaz. Birmənalı olaraq, redaksiyalara daxil olan bu kimi məlumatların ilk öncə müəlliflərinin kimliyi müəyyən edilməlidir. Bundan sonra həmin məlumatlar bütün ciddiliyi və dəqiqliyi ilə araşdırılmalı, əsil həqiqətlər üzə çıxarılmalıdır. Yalnız belə olacağı təqdirdə biz insanlarımızın sayıb-seçdikləri, hörmət və ehtiram bəslədikləri, özlərinə böyük, ağsaqqal bildikləri nüfuzlu cəmiyyət üzvlərini bədxahların hücumlarından qoruya bilərik.