“Delta Telekom LTD” MMM mayın 10-dan başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim edəcək.
Bizimaz.az: Şirkətdən verilən məlumata görə, məqsəd internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasıdır.
Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial islahatlar paketi və əhalinin rifahının yaxşılaşdırılması üçün yeni inqilabi addımlar atılmaqda davam edir. Belə addımların atılması son zamanlar mütəmadi xarakter alıb.
“Biz də “Delta Telekom LTD” MMM olaraq öz növbəmizdə Respublika rəhbərliyinin apardığı siyasətə sadiq qalaraq istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kompaniyaların keçirilməsini planlaşdırırıq.
Növbəti addım kimi, tərəfimizdən Ulu öndər, Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunmasıdır.
Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.
Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər.
İnanırıq ki, bu sahədə fəaliyyət göstərən operatorlarla birgə fəaliyyətimiz nəticəsində “Delta Telekom LTD” MMM-in bu addımını hər bir istifadəçi öz evində və mobil telefonunda hiss edəcək”