Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edənlərin sayı son beş ildə iki dəfədən çox artıb.
Bizimaz.az-n məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illərdə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrasının təmini istiqamətində keçirilmiş kompleks tədbirlər nəticəsində müəllimlik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb:
“2018-ci ildə 500-dən çox bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edənlərin sayı son beş ildə iki dəfədən çox artıb”.
“Son beş ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub”, - deyə nazir qeyd edib.
Ceyhun Bayramov qeyd edib ki, ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması istiqamətində əhəmiyyətli qərarlar qəbul olunub:
“Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari ilin martın 1-dən 16 min vahid artırılıb. Bununla yanaşı, tələbələrə verilən təqaüdün məbləği də 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Eyni zamanda, bakalavriat səviyyəsində dövlət sifarişli yerlər 66 faiz artaraq 20 min 500-ə çatdırılıb”.
“Ümumi təhsildə təmayülləşmə istiqamətinin aparılması, bu yöndə növbəti tədris ilində 20 məktəbin tam orta təhsil səviyyəsində peşə yönümlü təmayül siniflərinin açılması hədəf kimi müəyyən edilib. İnanırıq ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı, gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcək.
71 məktəbdə 26 min şagirdi əhatə edəcək rəqəmsal bacarıqlar layihəsi həyata keçirilir.
Növbəti tədris ilində layihənin 100 mindən artıq şagirdi əhatə etməsi planlaşdırılır”, - nazir vurğulayıb.