Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq qeyd olunan halların qarşısının alınması üçün Azəriqaz İstehsalat Birliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydalarında yeniliklər tətbiq olunacaq.
Bizimaz.az: Bu sözləri Axar.az-a Azəriqaz İB-in mətbuat katibi İbrahim Kərbalayev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz”ın fəaliyyətini tənqid etməsi və qurumun bəzi hallarda insanlara problemlər yaratması ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.
İ.Kərbalayev bildirib ki, şikayətlər tam şəffaf şəkildə araşdırılaraq ictimaiyyətə məlumat veriləcək:
“Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması və istehlakçı məmnunluğunun təmin edilməsi məqsədilə hər il yeni tədbirlər həyata keçirilir. Göstərilən tədbirlər nəticəsində istehlakçıların qaz təminatı yaxşılaşdırılır, göstərilən xidmət keyfiyyəti artırılır. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, qeyd olunan halların qarşısının alınması üçün Azəriqaz İstehsalat Birliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydalarında yeniliklər olunacaq.
Artıq təkliflər və daxil olan şikayətlər toplanaraq komissiya tərəfindən baxılması işləri həyata keçirilir. Tam obyektiv və şəffaf şəkildə şikayətlər araşdırılaraq ictimaiyyətə məlumatlar veriləcək”.
İ.Kərbalayev bildirib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq, mütəmadi olaraq iclaslar keçirilir. Şikayətlərə baxılması üçün də tədbirlər planı hazırlanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz”ın fəaliyyətindən narazılıqları dilə gətirib.
Prezident bildirib ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır:
“Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".