Yay mövsümü yaxınlaşdıqca yavaş-yavaş müxtəlif ölkələrdən Bakıya gələn turistlər gözə dəyməyə başlayır. Hər il ölkəyə gələn turistlərin sayı elan edilir. 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Başqa sözlə desək, bu rəqəm 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 2,9 faiz azdır. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.
Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan gələnlərin sayı isə 17,4 faiz artıb.
Doğrudanmı, turizm bazarında zəiflik var?
Statistik göstəricilərin əksinə olaraq, bu il yay mövsümündə Azərbaycana üz tutacaq ərəb turistlərin sayının azalması deyil, daha da artacağı gözlənilir. Dünya ölkələrində də ən sevilən turistlər ərəblərdir. Onlar getdikləri bütün ölkələrdə sözün yaxşı mənasında turizm sektoruna bir növ dayaq verirlər.
Bu sözləri Oxu.Az-a Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov ötən həftə ölkəyə gələn turistlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə azaldığını göstərən statistik göstəricilərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölkəyə gələn turist axınında heç bir azalma müşahidə edilmir:
“Statistik göstəricilər bu il Azərbaycana Səudiyyə Ərəbistanından, İran, İraqdan gələn turistlərin sayının azaldığını desə də, mən bunun tam əksini düşünürəm. Ölkəmizdə turizm sektorunda çox ciddi layihələr həyata keçirilir. Bu isə turistlərin marağını kifayət qədər çəkir.
Buna görə də ölkəyə gələn turistlər bir dəfə deyil, bir neçə dəfə istirahət üçün Azərbaycanı seçirlər. Mən sizə əminliklə deyə bilərəm ki, bu il yay mövsümündə Azərbaycana gələn turistlərin, xüsusi Səudiyyə Ərəbistanından olan turistlərin sayında iki dəfəyə yaxın artım olacaq.
Ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə özünüz də şahidi olacaqsınız. Bunun səbəbi isə AZAL Milli Aviasiya şirkətinin Səudiyyə Ərəbistanı bazarında daha aktiv işləməsi, birbaşa təyyarələrin sayını iki dəfəyə qədər artırmasıdır. Eyni qaydada Səudiyyə Ərəbistanından ölkəmizə uçan birbaşa reyslərin sayı 5-dən 10-a çatdırılacaq. Ümumiyyətlə, turizmin inkişafında AZAL-ın təşəbbüsləri kifayət qədər müsbət nəticələr verir”.
N.Bağırov Səudiyyə Ərəbistanından Azərbaycana gələn turist axının bir səbəbini də oradakı səlahiyyətli səfirimizin fəaliyyəti ilə əlaqələndirib:
“Bilirsiniz, hər bir ölkəni xarici ölkələrdə layiqincə təmsil edən səfirlər var. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanında bir çox xarici ölkələrdə səfirlikləri var. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin aktiv fəaliyyəti sayəsində də nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir”.
Azərbaycana gələn turistlər ölkəmizə heyran olsa da, narazı qaldıqları məqamlar da olur. N.Bağırovun sözlərinə görə, turistlər Bakı, Qəbələ, Quba, Qusar rayonlarına təkrar-təkrar getməkdən sıxılırlar:
“Bunun üçün yaxşı olardı ki, turizm sektorunu digər regionlarımızda da genişləndirək. Yeni əyləncəli yerlər, istirahət məkanları açılmalıdır. Əsas gileyləndikləri məqam regionlarda gedilə biləcək turizm marşrutlarının azlığıdır. Onlar Bakı, Qəbələ kimi çoxsaylı yerləri gəzmək istəyirlər”.