"Formula 1" Azərbaycan Qran Prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizə ən azı, 1000 dollar gəlir gətirir.
Bizimaz.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, "Formula" yarışına baxmağa gələnlər adətən, maddi imkanları yüksək olan fanat turistlər olurlar.
Bakıya gələn belə turistlərin daha çox 5 ulduzlu, müəyyən qisminin isə 4 ulduzlu hotellərdə qaldığını deyən N.Bağırov onların paytaxtımızın mərkəzindəki yerləşdirmə obyektlərinə üstünlük verdiklərini söyləyib.
O qeyd edib ki, "Formula" yarışlarına baxmağa gələnlər Azərbaycana adətən, 3 günlük səfər edirlər:
“Turizm şirkətləri də bunu nəzərə alaraq, Formula yarışlarının keçirildiyi dövr üçün turpaketlərini 3 günlük edir. Ona görə də gələn qonaqların 90 faizi Bakıda 3 gün müdətində qalır”.
Assosiasiya sədri "Formula" yarışlarının Azərbaycanın turizm imkanlarının tanıdılması baxımından çox əhəmiyyətli olduğunu da söyləyib.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən "Formula 1" yarışları aprelin 28-dək davam edəcək.
"Formula 1" Bakıda 2016-cı ildən keçirilir. Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.