Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları fəaliyyətə başlayıb.
Yarmarkalar paytaxtın 14 yerində təşkil olunur.
Yarmarkalarda ölkənin müxtəlif rayonlarından gətirilən 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, eyni zamanda bazarlardakından ucuz qiymətə əhaliyə təqdim olunur.
Bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nizami rayonu Qara Qarayev prospektində kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev, rayon ictimaiyyətinin nümayəndələri yarmarkanın fəaliyyəti ilə yerində tanış olaraq müvafiq göstərişlərini veriblər.
Qeyd edək ki, martın 2-dən başlayaraq paytaxtın bütün rayonlarında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçirilir. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 16-dan 21-dək hər gün təşkil olunacaq. (report)