Rusiya hökuməti evdə kobra, timsah, canavar, tülkü, yaquar və digər vəhşi heyvanların saxlanmasını qadağan edib.
Bu barədə Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, ev şəraitində saxlanması qadağan edilən heyvanlar siyahısına ümumilikdə 121 növ daxil edilib.
Qərara əsasən, kobra, mamba, taypan və piton kimi sürünənlərin, Gila canavarlarının, Komodo varanı və bəzi tısbağa növlərinin ev heyvanı kimi saxlanması qadağandır. Xüsusilə, çanağının diametri 30 sm-dən çox olan kayman tısbağalarını evdə saxlamaq olmaz. Qadağa, həmçinin bütün növ timsahlara da şamil edilir.
Eyni zamanda, aslanlar, yaquarlar, kaftarlar, fillər, kərgədanlar, begemotlar, primatlar və kirpilər, həmçinin canavar, tülkü və ayılar da qadağan edilən heyvanlar siyahısındadır. Su heyvanları arasında məhdudiyyətlər suitilərə, morjlara, lamantinlərə və balinakimilərə, habelə skatlara, müren balığı, elektrik ilanbalığı və ölçüsü 1.5 m-dən çox olan köpəkbalığı və levrək balıqlarına aid edilib.
Həmçinin dəvəquşu, pelikan (qutan), flaminqo, pinqvin, bayquş və durna, qara dul kimi zəhərli hörümçəklər, əqrəblər və bəzi ağac qurbağaları da fərdi evlərdə saxlanıla bilməz. Qadağa zoopark, sirk, delfinarium və okeanariumlara şamil edilmir.