Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov ölkə prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı , cəmiyyətdə çox böyük məmnunluq və minnətdarlıq ovqatı yaratmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanını 2019-cu ilin ən inqilabi qanunvericilk aktı kimi dəyərləndirmişdir. Bizimaz.az: Millət vəkili bu fərmanı əhalinin bütün sosial təbəqələrinin ürəyindən xəbər verən xoş bir müjdə və xalqın sosial problemlərinin həllinə, həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş tarixi bir islahat hesab edir. Bu inqilabi addımın mahiyyəti ondan ibarətdir ki, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyadan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödəniləcək. Fiziki şəxslərə ödəniləcək vəsaitin ümumi məbləği 5000 ABŞ dolları ekvivalentində olacaqdır.
K.Qafarov bildirmişdir ki, Mərkəzi Bankın məlumatına görə, ölkədə problemli kreditlərin həcmi 1, 5 milyard manatdan çoxdur. Prezidentimizin imzaladığı Fərmanın ikinci hissəsi 360 gündən çox gecikmədə olan kreditlərin restrukziyası ilə bağlıdır və bu hissəyə 400 mindən çox adam aiddir. Çünki 10 min dollara qədər və gecikmədə bir ildən artıq olan kreditlər ümumi kredit portfelinin böyük bir hissəsini təşkil edir. Fərmanın bu hissəsinin tələblərinə görə, əvvəla, kredit gecikəndən sonra tətbiq olunmuş bütün dəbbə pulu, sanksiyalar, cərimələr, faizlər dərhal silinəcək. İkincisi, məhkəmələrdə olan işlər geri qaytaralacaq. Bu halda söhbət təxminən 311 min işdən gedir. Eyni zamanda, icrada olan işlər də dayandırılacaqdır. Beləliklə, bir fərmanla 800 min nəfərin problemi həll edilmiş oldu.
Bu Fərmanda diqqəti çox mühüm bir məqama yönəldən K.Qafarov vurğulamışdır ki, illərdir ki, dollar krediti üzrə öhdəliyi zaminin ödəməsi faktına da aydınlıq gətirilmişdir. Məsələn, konkret şəxsin 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc, ona zamin durmuş şəxsin əmək haqqından tutulub. İndi həmin zamin durmuş şəxs və ya şəxslər fərdi qaydada müraciət edərək vəsaitini geri ala biləcəkdir.
Millət vəkili göstərib ki, ölkə prezidenti bu yaxınlarda keçirdiyi müşavirədə bildirmişdir ki, hökumət “böyük sosial paket” üzərində işləyir və bu proqram yüz minlərlə insanı əhatə edəcəkdir. Prezident İlham Əliyev birmənalı şəkildə demişdir : “... Əgər bütün bu təşəbbüsləri təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min insan dövlətin sosial təşəbbüslərinin icrasından əhəmiyyətli dərəcədə faydalanacaqdır.”
Millət vəkili Kamaləddin Qafarovun fikrincə, sadalanan bütün bu məsələlər- ölkə iqtidarının xalqın həyat səviyyəsinin dayanıqlı şəkildə yüksəldilməsi, sosial problemlərin dinamik həlli strategiyası Azərbaycan üzrə üçüncü ümumi islahatlar paketinin operativ şəkildə reallaşacağı inamını doğurur.