Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Gənclər Və İdman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakı İdman Sarayında martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.
Bizimaz.az xəbər verir ki, S.Babayev jurnalistlərə açıqlamasında əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib.
O, bu sahədə aparılan işlərdən biri kimi, əlilliyi olan şəxslər arasında idman tədbirlərinin təşkilinin, eyni zamanda beynəlxalq yarışlarda iştirak etmələrinin dəstəkləndiyini qeyd edib.
Daha sonra isə A.Rəhimov Ümumdünya Xüsusi Yay Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən çox xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib.
Hər iki nazir idmançılarımıza bu yarışlarda uğurlar arzulayıb və atletlərimizin təlim-məşq prosesinə baxıblar.
Qeyd edək ki, atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı Gənclər və İdman Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunur.