Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən “100 innovativ tələbə” layihəsinə start verilib.
Bizimaz.az: Layihənin məqsədi tələbələrdə innovasiyalara əsaslanan sahibkarlığın motivasiya edilməsidir. Bu məqsədlə Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında universitetin bütün fakültələrindən seçilən istedadlı tələbələrin iştirakı ilə “İdeyadan biznesə” adlı təlim sessiyası başlanıb.
İlk təlimi giriş sözü ilə layihənin rəhbəri, Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova açaraq Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbirlər planından və layihənin əsas məqsədindən danışıb.
Təlimdə ideyanın startapa çevrilməsi, biznes mühiti, aktual sahələr, elmin biznesə inteqrasiyası, innovativ biznesin qurulmasında Qərb təcrübəsi, müştəriyə yönümlü məhsulların yaradılması, müasir modellər əsasında bazarın həcminin müəyyən edilməsi haqqında geniş məlumat verilib.
Qeyd edək ki, layihə çərçivəsində İnnovativ Sahibkarlıq Tədris Proqramının hazırlanması, eyni zamanda, bu sahədə fəaliyyət göstərən uğurlu insanların master classlarının keçirilməsi, BDU-nun Tədris-teleradio studiyasında proqram və müsahibələr də nəzərdə tutulur.