Bu gündən paytaxtda bayram yarmarkaları fəaliyyətə başlayır.
Bizimaz.az xəbər verir ki, paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində bu gündən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.Yarmarkaların təşkilində məqsəd əhaliyə daha ucuz qiymətə kənd təsərrüfatı məhsulları təqdim etməkdir.
Nərimanov rayonunda F.X.Xoyski prospektindəkində açılan yarmarkaya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da baş çəkib. O, yarmarkada qiymətlərlə maraqlanıb, insanların təklif və fikirlərini dinləyib. Jurnalistlərə açıqlama verən İcra Hakimiyyətinin başçısı yarmarkadakı qiymətlərin bazar və marketlərə nisbətən ucuz olduğunu bildirib. Bayrama qədər qiymətlərə nəzarət ediləcəyini deyib.
Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsulları təqdim edir.
Yarmarkada ət 9 manata təklif edilir. Səmənilərin qiyməti ölçüsündən asılı olaraq 1-3 manat arasında dəyişir. Qabıqlı qoz-fındıq 5 manat, təmiz fındıq 12-14 manat, qoz ləpəsi 8-14 manat, innab 6-10 manat, iydə 4-6 manat, kişmiş 8-16 manat, kənd çolpası 5 manat, yumurta 0.25 manat, qatıq 3-3.5 manat, nehrə yağı 10 manat, motal pendiri 12, digər pendirlər 4.5 -7 manat, göyərti 10-16 qəpik, pomidor 3.50 manat, xiyar 3 manat, nar 1.20 manat, alma 2, armud 2-3 manat, kartof, soğan 0.80 manat idi.
Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə Bakı Şəhər İcra Hakimiyəti, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən nəzarət olunacaq.
Satış yarmarkaları paytaxt Bakıda 14 ünvanda - Yasamal rayonunda H.Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda, Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı), Nizami rayonunda iki yerdə - Qara Qarayev prospekti 55/57 ünvanının qarşısındakı “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağında və C.Naxçıvanski küçəsi 74-də 8-ci kilometr yarmarkasında, Səbail rayonunda iki yerdə - Seyran Məmmədov küçəsi 6 ünvanında və Nizami küçəsi 154-də “Landmark” mehmanxanasının yanında, Binəqədi rayonunda 7-ci mikrorayondakı Kunanbayev küçəsində, Xətai rayonunda Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 28 May küçəsindəki Olimpiya İdman bazasının qarşısında, Nəsimi rayonunda Mərdanov Qardaşları küçəsi 59 ünvanında, Pirallahı rayonunda Pirallahı qəsəbəsindəki K.Rzayev küçəsi 14-də qeyri-yaşayış obyektində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72 ünvanında, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli “V” yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində və Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki S.Yesenin küçəsi, döngə 2 ünvanında təşkil olunur.