Quba rayonunda bir vətəndaşın qəfəsdə saxladığı qonur ayı ilə bağlı qərar verilib.
Bizimaz.az: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Xatırladaq ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığını aşkar ediblər.
Abbas Zeynalovun həkim və xoşməramlı səfir olduğu bildirilir. Qeyd edilir ki, Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinidir.
Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur.