Qardaş Azərbaycan xalqı 20-ci əsrin ən böyük qırğınlarından olan Xocalı soyqırımının ağrısını yaşayır. Bu soyqırım təkcə Azərbaycan türklərinə deyil, insanlığa qarşı törədilmiş qətliamdır.
Xocalı soyqırımı ermənilərin təxminən 200 ildir davam edən “Dənizdən dənizə Böyük Ermənistan” xəyallarının ən qanlı hissəsidir.
Xocalıda yaşananları ayrı bir hadisə kimi yox, ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinin bir hissəsi kimi qiymətləndirmək lazımdır. Buna görə də Xocalı qırğınına gedən prosesi Çar Rusiyasının Cənubi Qafqaza yönəlməsi və Qarabağın işğalı prizmasından dəyərləndirmək zəruridir. Bu soyqırım ermənilərin Rusiyanın himayəsi altında Anadoluda, Azərbaycanın şimal və cənubunda 1895-1896, 1905-1906, 1915, 1918-1920-ci illərdə törətdikləri soyqırımların davamıdır.
Xocalı 27 ildir ədalət gözləyir. Faciə qurbanlarından bəziləri yaşayır, qatillər bəllidir. Foto və videoları çəkilmiş bu vəhşət hələ də beynəlxalq ictimaiyyətin diqqətini çəkmir.
Bu gün Azərbaycanla yanaşı, Meksika, Pakistan, Macarıstan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras və İslam Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Birliyi Xocalıda yaşananları soyqırım kimi tanıyıb. Həmçinin ABŞ-ın 13 ştatı Xocalı faciəsini qətliam kimi qəbul edib. Əlbəttə, belə parlament qərarlarının hüquqi qüvvəsi yoxdur, lakin bu qərarlar qırğının digər ölkələrdə bilinməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını gözardı edərək, dünya sülhünə böyük bir zərbə vurmaqdadır. Çünki Xocalını unutmaq, ilk növbədə, bu cür qırğınları həyata keçirmək istəyənləri həvəsləndirmək və təşviq etmək deməkdir.
Xocalını unutmaq şiddəti qanuni bir vasitə kimi görən işğalçılara “insanları öldürərək aldığınız torpaqlar sizin haqqınızdır” mesajını verməkdir.
Soyuq müharibədən sonrakı dövrdə, etnik və dini münaqişələrin, sərhəd mübahisələrinin bütün dünyada sürətlə yayıldığı bir vaxtda erməni işğalını və Xocalı soyqırımını inkar etmək qonşu ölkələrdən torpaq tələb edən ölkələri təşviq etməkdir.
Sonda Xocalı soyqırımında şəhid olanları, bu faciəni bütün dünyaya çatdırmaq üçün fədakarlıq edən və 1992-ci il iyunun 15-də ermənilər tərəfindən şəhid edilən Çingiz Mustafayevi rəhmət və hörmətlə anıram.
Başın sağ olsun, Can Azərbaycan!
Hörmətlə,
Burdur Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müəllimi Dr. Əsma Saraç Özdaşlı