“Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər.
Bizimaz.az bildirir ki, Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Baxış zamanı aydın olub ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə sayğacdan kənar 3 ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib. Hazırda “Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.
“Azərişıq” bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.
“Azərişıq” əməkdaşları mütəmadi olaraq “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun yoxlamalarını davam etdirirlər.