Dünən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.
Trend-in diplomatik dairələrdən aldığı məlumata əsasən, görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar.
Xatırladaq ki, 2018-ci ilin dekabr ayının 26-da Mehman Hüseynova qarşı islah müəssisəsinin əməkdaşının döyülməsi faktı üzrə yeni ittiham irəli sürülüb. Buna etiraz olaraq Hüseynov aclıq aksiyası keçirib.
Qeyd edək ki, dünən məhkum bloger ictimaiyyətə müraciət edərək, sağlam olduğunu, qida qəbul etdiyini və aclıqdan sonra bərpa olunduğunu bildirib.