Həbsdə olan video-bloqer Mehman Hüseynovun ona qarşı yeni ittiham irəli sürüləndən sonra aclıq aksiyasına başlaması barədə məlumat rəsmi təkzib olunub. M.Hüseynovun yaxınları onun 8-ci gündür ki, yeməkdən imtina edərək quru aclıq aksiyası keçirdiyini iddia ediblər.
Bizimaz.az Unikal.org-a istiadən xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bu məlumatın doğru olmadığını bildirib: “Mehman Hüseynov qida da, su da qəbul edir. Yaxınları ilə telefon vasitəsilə əlaqə də saxlayır. O, aclıq aksiyası keçirmir. Səhhəti də normaldır, qanunla nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir”.
Qeyd edək ki, M.Hüseynov polis barəsində böhtan xarakterli məlumat yaymaqda ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən PX əməkdaşını döyməkdə ittiham olunaraq barəsində yeni cinayət işi açılıb.
Məhkəmədə M.Hüseynovun bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. M.Hüseynovun cəzasının bitməsinə 2 ay qalıb.