Bizimaz.az bildirir ki, bununla bağlı Axar.az-a istinadən millət vəkillərinin cavablarını təqdim edir:
Millət vəkili Aqil Abbas:
Bu il yaddaqalan hadisələr çox olub. Onlardan ən birincisi şəhid ailələrinə dövlət tərəfindən birdəfəlik 11 min manat ödənişin verilməsidir. Bu, məni sevindirən hadisə oldu. Eyni zamanda, Cumhuriyyətin yüzilliyi ilə bağlı Türkiyə ilə birgə keçirdiyimiz hərbi parad da çox sevindirici hadisələrdən idi.
Ümumiyyətlə, bu il ölkəmiz üçün çoxlu müsbət hadisələrlə yadda qaldı.
Bu ilin ən kədərləndirən hadisəsi isə Qarabağ probleminin hələ də öz həllini tapmamasıdır. Yenə də biz Qarabağa gedə bilmədik.
Deputat Fazil Mustafa:
2018-ci ildə mənim üçün ən böyük, möhtəşəm hadisə 15 sentyabrda Bakıda keçirilən hərbi parad olub. Çünki biz Nuru Paşanın və türk əsgərinin xatirəsinə ilk dəfə idi ki, layiqli qiymət verməyə çalışdıq. Təbii ki, digər tədbirlər də olub. Amma heç biri həmin paradla müqayisə edilə bilməz. Bu qədər möhtəşəm və vacib bir hadisəni qeyd etməklə tarixi borcumuzu yerinə yetirdik.
Əlbəttə, bu il müəyyən mənfi hadisələr də baş verib. Ancaq ən mənfi hadisə bizim hələ də Qarabağ məsələsinin həllinə nail ola bilməməyimizdir.
Millət vəkili Elman Nəsirov:
2018-ci ilə öz şəxsi həyatım və fəaliyyətim nöqteyi-nəzərindən qiymət versəm, hesab edirəm ki, bütövlükdə uğurlu il olub. Bundan başqa, il ərzində intensiv fəaliyyət göstərmişəm. Bu il 50 illik yubileyim münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin "fəxri medalı" ilə təltif olundum. Bundan başqa keçirilən onlayn sorğuların nəticəsində "İlin fəal deputat"larından biri seçildim.
Ümumi anlamda isə Azərbaycanın siyasi həyatında bu ilin ən yaddaqalan hadisəsi, bəlkə də birincisi 22 ildir müzakirə edilən Xəzərin statusu ilə bağlı məsələnin öz həllini tapması oldu. Bu, 2018-ci ilin tarixi hadisəsidir. 5 Xəzəryanı ölkə nəhayət ki, ümumi konsepsiyaya gələ bildi və Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəd imzalandı. Bu sənədi "Xəzərin konstitusiyası" da adlandırırlar.
Ən böyük arzumuz yeni ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmasıdır. Taktiki də olsa, irəliləyişin olmasını ümid edirik. Doğrudur, bu münaqişənin həlli ilə bağlı müəyyən ümidlər, impulslar artıq var. 2019-cu ildə münaqişənin həlli ilə bağlı daha münbit şərait formalaşa bilər.
Millət vəkili Fəzail Ağamalı:
Bu ilin ən yaddaqalan, müsbət hadisəsi İlham Əliyevin yenidən seçkilərdə qalib gəlməsidir. 2018-ci ilin aprelində ölkəmizdə keçirilən prezident seçkilərində bir daha xalqımız Prezident İlham Əliyevə etimad göstərdi. Bu təkcə mənim üçün deyil, eyni zamanda, hər bir Azərbaycan dövlətini sevən insan üçün çox mühüm və əlamətdar hadisə oldu. Ancaq təəssüf edirəm ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı müəyyən gözləntilərimiz olmasına baxmayaraq, buna nail ola bilmədik. Ermənistanın təcavüzkar siyasəti, onu himayə edən dövlətlərin beynəlxalq güclərin ədalətsiz mövqeyi işğal olunmuş torpaqlarımızın azad edilməsinə imkan vermədi. Düşünürəm ki, bu da bütün xalqımız, eyni zamanda, mənim üçün xoş olmayan, üzücü hadisə kimi yadda qaldı. Bu problemlə 2019-cu ilə gedirik".