2013-cü ildə birinci sinfə qəbul göstərici 138 min olubsa, bu il birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib.
Bizimaz.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 5 illik hesabatında qeyd olunub.
Nazirlik son illərdə Azərbaycan təhsil sistemindəki dəyişikliklər barədə infoqrafik cədvəl paylaşıb:
“2013-cü illə müqayisədə şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötüb.
Son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.5-ə yüksəlib.
“İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət proqramı” hazırlanıb.
“Təhsil haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu öz həllini tapıb.
2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıb.
Cari ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur.
2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıblar.
2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanılıb. Cari tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 10-11-ci siniflərdə təhsil alanların 28 faizini təşkil edir.
PIRLS beynəlxalq qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal, “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb.
Son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış 9-cu sinif məzunlarının sayı 50 fazidən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb”.