Bakıda zəhərlənmədən ölən 10 yaşlı Fateh Mərdanovla bağlı Qida Təhülkəsizliyi Agentliyi məlumat yayıb.
Bizimaz.az bildirir ki, Qida Təhlükəsizliyi Agentliyindən Unikal.org-a verilən məlumata görə, dünyasını dəyişən şəxs qidadan deyil, dəm qazından zəhərlənib:
"Məlumat üçün bildiririk ki, 01.12.2018-ci il tarixində Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Agayev küçəsi ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyininə məlumat daxil olub.
Bununla əlaqədər Agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılıb.
Həmcinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilib.
Aqentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olub. İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürək bulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksiqen terapiya və medikamentoz müaliçə təyin edilmişdir. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarı normadan artıq olması müəyyən edilib.
Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapıb".