“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin müvəqqəti köçürüldüyü ərazidə işlər artıq yekunlaşıb. Sabah səhər saat 6-dan ətraf kənd və qəsəbələrə avtobuslar burdan hərəkət edəcək.
Bizimaz.az bildirir ki, Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilən Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərə xidmət göstərəcək.
“Sərnişinlərin rahatlığının və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni təşkil edilən mərkəzin ərazisində müvafiq şərait yaradılıb. Mərkəzin ərazisində 6 perron təşkil edilib, hər bir perronun ətrafı xüsusi sədlərlə əhatələnib, dayanacaq pavilyonları və hər bir perron üzrə məlumat lövhələri qoyulub. Axşam saatlarında ərazinin işıqlandırılması məqsədi ilə əlavə avadanlıqlar da quraşdırılıb. Sərnişinlərin “Koroğlu” metrostansiyasından perronlara rahat giriş və çıxışı üçün üç yerdə pilləkənlər təşkil edilib”.
Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələr istiqamətində 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.