Artıq Yeni ilin gəlişinə 10 gündən az vaxt qalıb. Hər kəs bu bayramı bir qayda olaraq müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində ailəsi və qohumları ilə birgə qeyd edir, kimisi isə xaricə üz tutur. Bir sözlə, hamının bayramla bağlı müxtəlif planları var.
Maraqlıdır bəs, Milli Məclisin deputatları Yeni ili harada və necə keçirməyi planlaşdırırlar?
Bizimaz.az xəbər verir ki, "modern.az" saytının əməkdaşı bu sualla bir neçə deputata müraciət edib:
Məlahət İbrahimqızı deyib ki, fərqli bir planı yoxdur, evdə qeyd edəcək: “Yeni ili evdə ailə üzvlərimlə bir yerdə qeyd etməyi düşünürəm. Tətil günlərində isə şəhid, qazi ailələri ilə görüşməyi planlayıram”.
Fazil Mustafa yeni ili Azərbaycanın rayonlarında qarşılayacaq: “Yeni ili ölkə daxilində qeyd edəcəm. Çox güman ki, evdə ya da Azərbaycanın rayonlarının birində ailə üzvlərimlə birgə bayram edəcəyik. Düşünürəm ki, Şamaxıda və ya İsmayıllıda olacam”.
Arzu Nağıyev də həmkarı kimi rayonda olacaq. O bildirib ki, Tovuza ata ocağına yığışıb, bayramı ailə üzvləri ilə birgə qeyd edəcək: “Mən bayramları hər zaman ənənəvi olaraq ailə çərçivəsində qeyd edirəm. Bu il də Yeni ili ailəmlə bir yerdə Tovuz rayonunda atamın başına yığışıb qeyd edəcəm. Eyni zamanda, bu tətildən istifadə edərək həm Tovuzda, həm də Gədəbəydə öz seçicilərimlə görüşəcəm.
Elman Məmmədov da bayram gününü ailə üzvləri ilə birgə evdə qeyd edəcək: “Hər zaman olduğu kimi Azərbaycanda qeyd edəcəm. Bayram günlərində Azərbaycanın bir neçə rayonlarında olacam. Ağdam, Goranboy, Xocavənd rayonlarına səfər edəcəm”.
Aydın Mirzəzadənin sözlərinə görə, ənənəvi olaraq bayramları evində keçirir: “Ailəmlə, öz evimdə övladlarımı ətrafıma toplayaraq Yeni ilin gəlişini qeyd edəcəm. Mən düşünürəm ki, bayramı hər kəs öz evində qeyd etməlidir”.
Hikmət Babaoğlu da həmkarları kimi bayram günlərində Bakıda olacaq: “Mən Yeni ilin gəlişini Bakıda evimdə qeyd edəcəm. Bayramı öz evimdə olmağı üstün tuturam. Bayramdan sonra isə şimal bölgəsində səfərdə olacam”.
Aqil Abbas da bayramı evində qeyd edən deputatlar sırasındadır: “İnsan bayramda evində olar. Mən ailəmlə birgə Yeni ilin gəlişini evimdə qeyd edəcəm”.
Əziz Ələkbərli hər zaman bayramı evində qeyd etdiyini deyib: “Mənim fikrimcə, insan bayramı evində olmalıdır. Buna görə də hər bayram gecəsi ailəmi ətrafıma yığıb bayramı qeyd edirəm”.