Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir.
Bizimaz.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.
Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.
Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu məbləğ 5 manat idi.
Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.
Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.
Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşir.