Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir.

 

Bizimaz.az bildirir ki, Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, sistem hazırda şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur.

Təzə sistemin ilin sonunadək daha 197 məktəbdə tətbiqi nəzərdə tutulur. Sistemə yeni qoşulan bütün məktəblərin inzibati-idarəetmə və pedaqoji heyəti sistemdən istifadə üzrə təlimlərə cəlb olunurlar.

Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.

Yeni sistem vasitəsi ilə sinif komplektləri, şagird siyahısı, işçilərin siyahısı, tədris planları, dərs cədvəlləri, qiymətləndirmə, davamiyyət göstəriciləri kimi proseslər tamamilə elektronlaşdırılıb.

Qeyd edilən bütün məlumatlar elektronlaşdırıldığına görə dinamik hesabatların çıxarılması, prosesə məsafədən real vaxt rejimində nəzarət imkanı yaradılıb.

Həmçinin, məktəbin işçi heyəti tərəfindən tədris prosesinin qeydiyyatı ilə bağlı aparılan kargüzarlıq yükü azaldılıb, əlavə insan resursu və vaxt sərfiyyatının qarşısının alınması hədəflənib.

Bununla yanaşı, sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.