Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə əvvəlcə vəsatətlərə baxılıb.
Məlum olub ki, zərərçəkmişlərdən Rahib Ağayev tərəfindən N.Şirinov və E.Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olub. Digər zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə məxfi məlumatların və dövlətin sirlərinin səsləndirilə biləcəyini əsas gətirərək, baxışın qapalı keçirilməsini istəyiblər. Hakimlər isə işin dövlət sirri ilə bağlı olmadığını deyərək vəsatəti təmin etməyiblər.
Daha sonra prokuror ittiham aktını elan edib. Məlum olub ki, Nizami Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.
İttihama görə, Nizami Şirinov MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq etməsinə görə Dilşad Aslanovdan 80 min dollar rüşvət alıb. Bundan başqa təqsirləndirilən şəxslər Milli Ordunun ehtiyatda olan polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən isə 150 min dollar vəsaiti hədə-qorxu və şantaj vasitəsilə əldə ediblər.
Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə itiham elan edilib.
Təqsirləndirilən şəxslərdən heç biri özünü ittiham üzrə təqsirli bilməyib. Daha sonra zərərçəkmişlərin ifadələrini dinlənilməsinə başlanılıb.
Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib. Təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub. Nizami Şirinov barəsində həbs qətimkan, digər 3 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.