Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzda bu il 600-dən yuxarı bal toplayaraq ali məktəbə daxil olmuş tələbələrlə görüşüb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, Q.Paşayeva yüksək bal toplayaraq müəllimlərin, valideynlərin ümidini doğrultmuş gəncləri tələbə adını qazanmaları münasibəti ilə ürəkdən təbrik edərək, onlara uğurlar arzulayıb.
Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili ali məktəblərə daxil olan gənclərin və onların arasında 600-dən çox bal toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib.
“Mən hər dəfə tələbə adı qazananlar sırasında qızlarımızın sayına diqqət edirəm. Çox şadam ki, əzmkar qızlarımız bu il də ali məktəblərə yüksək balla daxil olanlar arasında önəmli yer tutur. Zəngin təhsil ənənələri olan Tovuz bu yöndə də bir sıra rayonlara gözəl örnək ola bilər. Cəmiyyətin savadlı olması, gənclərin kitaba, məktəbə yüksək maraq və məsuliyyətlə böyüməsi savadlı analardan çox asılıdır. Bu anlamda biz qızlarımızın təhsilinə böyük önəm verməliyik.
Siz tələbə adı qazanmış gənclərimiz dilimizi, tarix və ədəbiyyatımızı daha dərindən bilmək üçün çalışmalısız”, - Q.Paşayeva vurğulayıb.
Q.Paşayeva tələbə adını qazanmış gənclərə Qarabağ motivli hədiyyələr və kitablar təqdim edib.
Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanlarda öz ixtisasından aşağı ballar toplamış bir sıra müəllimlərlə bağlı xüsusi çıxış edən millət vəkili bildirib ki, belə müəllimlərin varlığı bir sıra məktəblərimizdə təhsilin keyfiyyətinə mənfi təsir göstərir:
“Bu cür müəllimlər anlamalıdırlar ki, millətə nə qədər böyük zərər vururlar. Onlar ya öz üzərlərində ciddi çalışıb, yaxşı müəllim olmaq üçün gecə-gündüz məsuliyyətlə işləməlidirlər, ya da məktəblə könüllü şəkildə vidalaşmalıdırlar. Öz fənnindən çox az bal toplayan müəllimlərə məktəbdə yer olmamalıdır”.
Tədbirdə Təhsil Nazirliyinin rəsmi nümayəndəsinin iştirak etməsinin müsbət hal olduğunu deyən Qənirə Paşayeva Tovuzun ən yaxşı məktəblərindən olan Bozalqanlı kənd məktəbinin ciddi təmirə ehtiyacı olduğunu bildirib.