“Sentyabrın 20-dən pik saatlarda metroda qatarların intervalı azaldılıb”.
Bizimaz.az bildirir ki, bu sözləri Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, metronun “Həzi Aslanov” və “28 may” stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib:
“Təhsilin əyani qaydaya keçirilməsi və yaxın günlərdə ali təhsil müəssisələrində də tədrisin başlaması metroda sərnişin sıxlığına səbəb olacaq. Cari aydan etibarən metroda sərnişinlərin sayının nisbətən artması müşahidə edilir. Hazırda gündəlik sərnişin sayı 430 minə yaxındır. Təhsil müəssisələrində tədrisin başlaması bu artıma ciddi təkan verib. Bununla bağlı gün ərzində metroda bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlər vasitəsilə pik saatlarda sərnişin axını müşahidə edilir və müvafiq addımlar atılır. Burada məqsəd sentyabrın 29-dan sonra tədris ocaqlarının fəaliyyətinin başlaması ilə əlaqədar yaranacaq sərnişin sıxlığıın qarşısının alınması üçün zəruri tədbirlər görməklə hazırlıqlı olmaqdır”.