Hər hansı fərdi yaşayış evininin və ya binanının ərsəyə gəlməsi çoxmərhələli prosesləri əhatə edir. İlkin mərhələdə tikintiyə start verilməsi üçün layihənin bütün tikinti normalarına cavab verdiyi təsdiqlənməlidir. Bu gün, xüsusilə Bakı şəhərində müvafiq tikinti normalarına cavab verməyən və şəhərdə xaotik vəziyyətə səbəb olan fərdi yaşayış evləri və hündürmərtəbəli binalara rast gəlmək mümkündür. Hazırda tikinti sahəsinə nəzarət gücləndirilsə də, hələ də köhnə tikililərə münasibətdə cavablanmamış suallar aktuallığını qoruyub saxlayır.
1 avqust 2018-ci il tarixli müvafiq Prezident fərmanına görə, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməsinə qərar verildi. Bu qərara qədər tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti, yerlərdə isə rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilirdi.
Hazırda Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi məlumatlandırma icraatı vasitəsi ilə həyata keçirilir və bunun üçün icazə və rüsum tələb olunmur. Fərdi ev tikmək niyyətində olan vətəndaş şəxsiyyət vəsiqəsinin surəti, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, torpaq sahəsinin planı və ölçüsü, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə yerli icra hakimiyyətinə müraciət edərək aparılacaq tikinti barədə məlumat verir. Aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim olunmuş layihə və sənədlərə dair irad vətəndaşa 10 gün müddətində bildirilmədikdə tikinti işlərinə başlanıla bilər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Oxu.Az-a bildirilib ki, son zamanlaradək məlumatlandırma icraatı üzrə sənədlər və yerli İcra Hakimiyyətinin qərarları barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yalnız Tikintilərin dövlət reyestrinə göndərildikdə təqdim olunurdu:
“Reyestrə daxil etmək məqsədilə Komitəyə təqdim olunan sənədlərdə çatışmazlıq və səhvlər aşkar olunduqda bu barədə yerli icra hakimiyyəti orqanına məlumat verilir, çatışmazlıqların aradan qaldırılması xahiş edilir. Bəzi hallarda fərdi yaşayış evinin tikintisi barədə məlumat reyestrə təqdim edilmir və ya gec təqdim edilir ki, bu da layihə və sənədlərdə aşkar olunan çatışmazlıqların zamanında aradan qaldırılmasını mümkünsüz edir”.
Bununla əlaqədar “Bir pəncərə” elektron müraciət sisteminin üstünlüyünü qeyd edən qurum rəsmisinin sözlərinə görə, hazırda sistem təkmilləşdirilir və tədricən şəhərsalma və tikinti fəaliyyəti sahəsini tam əhatə edəcək:
“Ötən il “Bir pəncərə” elektron müraciət sisteminə yeni “məlumatlandırma icraatı” bölməsi əlavə edildi. Bu vasitə ilə vətəndaşlar fərdi yaşayış evlərinin tikintisi üçün də müraciət edə bilərlər. Sistemin bu yeni modulu vasitəsilə fərdi yaşayış evi tikmək niyyəti olan vətəndaşların yerli icra hakimiyyətinə müraciəti elektron qaydada edilir, müraciətlərə və təqdim edilən layihələrə Komitənin mütəxəssisləri tərəfindən də nəzarət olunur. Sənədlərdə və ya layihədə nöqsanlar aşkarlandığı zaman həmin fərdi yaşayış evinə dair məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmir və bu barədə dərhal yerli icra hakimiyyətinə və vətəndaşa məlumat verilir. Hazırda yeni “məlumatlandırma icraatı” modulu Bakı şəhərinin 12 rayonu və Quba-Xaçmaz, Dağlıq Şirvan iqtisadi rayonları üzrə istifadəyə verilib, digər şəhər və rayonlarda tətbiq edilməsi üzrə işlər davam etdirilir, yerli icra hakimiyyəti nümayəndələri üçün təlimlər keçirilir”.
28 dekabr 2018-ci il tarixli Prezident fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintiyə və istismara icazə icraatının sadələşdirilməsi məqsədilə yaradılan “Bir pəncərə” elektron müraciət sistemi məmur-sahibkar ünsiyyətini minimuma endirdi.
Təqdim edilən layihələrdə yol verilən səhvlərlə bağlı da məlumat verən qurum rəsmisi bildirib ki, Komitənin nəzarət qrupu tərəfindən təhlil zamanı ən çox rast gəlinən nöqsanlardan biri vətəndaşın torpaq sahəsi üzərində hüququnun olmaması, torpaq kateqoriyasının tikinti işlərinə uyğunsuzluğu və ya sənədlərin natamamlığıdır. Bu isə tikilinin rəsmiləşdirilməsini mümkünsüz edir və qanunvericiliyin tələbləri pozularaq tikildiyi üçün sənədsiz evlərin yaranmasına gətirib çıxarır:
“Bu mənada fərdi yaşayış evi tikməyə planlaşdıran hər bir vətəndaş torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədin olmasında şəxsən maraqlı olmalıdır. Tikinti layihələrinə baxış zamanı isə ən çox rastlanan nöqsanlar mövcud torpaq sahəsinə münasibətdə tikinti əmsalı və tikinti sıxlığı əmsalı göstəricilərinin aşılması və tələb olunan ara məsafələrinin düzgün saxlanılmamasındadır. Bu məsələdə layihəçi təşkilatların üzərinə də böyük məsuliyyət düşür. Problemlərin yaşanmaması üçün sifarişçi şəxs lisenziyası olan layihə təşkilatlarına, peşəkarlara müraciət etməlidir ki, layihələr müəyyən edilmiş norma və qaydalara uyğun olaraq tərtib edilsin”.
Qeyd etdiyimiz kimi son illərdə tikinti sahəsinə nəzarət daha da artırılıb, artıq Bakının Baş Planı son razılaşdırılma mərhələsindədir və demək olar ki, ölkənin müxtəlif regionları üzrə baş planlar təsdiq edilib. Bəs, illər öncə tikinti və istismarına icazə verilmiş, lakin tikinti normalarına cavab verməyən tikililərin bundan sonra statusu necə olacaq? Vəkillər Kollegiyasinin üzvü, hüquqşünas Seymur Yusifli Oxu.Az-a məsələni həm fərdi evlərin, həm də tikintisinə icazə tələb olunan tikililər cəhətdən şərh edib:
“Şəhərsalma və Tikinti Məcəlləsinə görə üç formada tikili mövcuddur: tikintisinə icazə tələb olunmayan, tikintisi məlumatlandırma icraatı qaydasında aparılan və tikintisinə icazə tələb olunan. Məlumatlandırma icraatı lazım olan tikinti üçün icazə tələb olunmur. Vətəndaş lisenziyalaşdırılmış layihəsini torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlə birgə yerli icra hakimiyyəti orqanına ünvanlayır. Əgər 10 gün ərzində qurum etirazını bildirərsə, müəyyən edilən nöqsan aradan qaldırılmalıdır. 10 gün ərzində nöqsanla bağlı geri dönüş edilmirsə deməli tikintiyə başlamaq olar. Tikinti prosesinə nəzarəti Fövqəladə Hallar Nazirliyi yanında Tikintiyə Dövlət Nəzarəti Agentliyi tərəfindən həyata keçirilir.
Əgər, layihədə 4 otaqlı fərdi evin tikintisi mümkündürsə və layihədən kənara çıxılaraq 2 otaq daha əlavə tikilirsə, bu, artıq özbaşına tikilidir. Müvafiq halda Fövqəladə Hallar Nazirliyi tikinti işlərini dayandıra bilər. Əgər dayandıra bilməsə Mülki Məcəllənin 180-ci maddəsinə görə özbaşına tikilinin sökülməsinə dair müvafiq icra hakimiyyəti orqanı və ya hüquqları pozulan maraqlı şəxslər məhkəməyə müraciət edərək özbaşına tikilən tikilinin sökülməsinə dair tələb irəli sürə bilərlər.
Digər məsələ - əgər, yerli icra hakimiyyəti orqanı müfəssəl qaydalara zidd ola-ola layihəyə münasibət bildirmirsə Cinayət Məcəlləsinin 314-2. maddəsi ilə inzibati orqan özü cinayət məsuliyyətinə cəlb olunur. Qanunsuz tikintiyə icazə verilibsə, bu, vətəndaşın problemi deyil. Artıq o, mülkiyyət hüququna sahibdir və onun mülkünü heç kim sökə bilməz.
Tikintisinə icazə tələb olunan tikililər, yəni hündürmərtəbəli binalar və ya əhalinin sıx toplaşdığı obyektlərlə bağlı məsələ isə bir qədər fərqlidir. Əgər layihədə 15 mərtəbəli binanın tikilməsi nəzərdə tutulursa, ARXCOM-un rəyi alınır, layihə ekspertizadan keçir, rəyi verilir və tikintiyə başlanılır. Əgər, 15 mərtəbənin tikintisi başa çatdıqdan sonra əlavə 5 mərtəbə də ucaldılırsa, bu, layihədən kənara çıxmadır və həmin 5 mərtəbə sökülməlidir.
Lakin, burada 15 mərtəbəli binanın tikintisinə icazə verilməli idisə və yerli icra hakimiyyəti orqanı 20 mərtəbəli binanın tikintisinə icazə veribsə, deməli artıq məsələ orada bitib. Burada hər hansı bir söküntüdən söhbət gedə bilməz. Çünki bu qanuni əsaslarla tikilib, inzibati orqanın razılığını verilib və istismara qəbul aktı alınıb. Mülkiyyət hüququ olan əmlakı heç kim sökə bilməz. Əgər, tikinti başa çatıb və sonra bəlli olub ki, belə olmamalı idi, bu artıq inzibati orqanın öz təqsiridir”.