Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilən əraziləri ilə bağlı sənədli filmin çəkilişinə başlayıb.
AZƏRTAC-ın xəbərinə görə, bu məqsədlə şirkətin çəkiliş qrupu ilk olaraq Şuşa şəhərinə səfər edib. Şəhərin müxtəlif ərazilərində çəkilişlər edən qonaqlara Şuşanın tarixi, memarlıq abidələri, 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi, 30 ilə yaxın dövr ərzində erməni vandalizminə məruz qalması və 2020-ci ilin noyabrında Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə başlanılması barədə məlumat verilib.
Əvvəlcə Şuşanın mərkəzi meydanında görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyli, şairə, rəssam və ictimai xadim Xurşidbanu Natəvan və Xalq artisti Bülbülün güllələnmiş heykəllərini ziyarət edən çəkiliş qrupuna bu dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında məlumat verilib.
Bildirilib ki, ermənilər tuncdan hazırlanan heykəllərdən gəlir əldə etmək məqsədilə onları əvvəlcə İrəvana, sonra da Gürcüstana aparıblar. Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri görüblər. Bununla bağlı müvafiq qurumlara məlumat verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər satın alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə heykəllər öz əvvəlki yerinə qaytarılıb.
Sonra qonaqlar Şuşa şəhərindəki qədim məhəllələrdə, Aşağı və Yuxarı Gövhərağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Çinli nümayəndələr Cıdır düzündə də çəkiliş aparıb, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Sonda qala divarları ilə tanış olan çəkiliş qrupuna məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa İşğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Sənədli filmin çəkilişində iştirak edən Can Sinyu müsahibəsində deyib:
“Biz dünyanın bir çox yerlərinə səfər edirik. Sizin regiona hər zaman marağım olub. Əsasən də müharibə dövründə bu regionu diqqətdə saxlamışam. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olduğu üçün biz müharibədən sonrakı vəziyyəti bilmək istəyirik. Qarabağa səfərimizin məqsədi burada həyata keçirilən yenidənqurma işləri ilə tanış olmaqdır”.
Qeyd edək ki, Çin Xalq Respublikasından olan çəkiliş qrupu Şuşa şəhəri ilə yanaşı Zəngilan, Füzuli və Ağdamda da olacaq. Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı çəkiləcək sənədli film Çinin SETV kanalında və bir sıra sosial şəbəkələrdə yayımlanacaq.