Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən Azərbaycanda toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, insanların açıq havada toy mərasimləri keçirə bilməsi müzakirə olunur.
Açıq havada toyların keçirilməsinə rəsmi icazənin olub-olmaması ilə Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirdi ki, toyların keçirilməsi ilə bağlı lazımi normalar müəyyənləşdirilib:
"50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız koronavirusa qarşı peyvənd olunan və ya virusdan sağalmanı təsdiq edən immunitet sənədi olduğu halda icazə verilir. Şənlik mərasimində iştirak edən qonaqlar üçün maskadan istifadə ilə bağlı məcburi tələb yoxdur.
Açıq havada 150 nəfərlik toy mərasiminin keçirilməsi ilə bağlı deyə bilərəm ki, müvafiq qaydalar üzrə fəaliyyətinə icazə verilən restoran və ictimai iaşə obyektlərinin həyətində belə şənliklərin keçirilməsi zamanı COVID pasportu tələb ediləcək. Lakin toy iştirakçılarının maska taxması tələbi yoxdur. Yalnız xidmət personalının tibbi maska və əlcəkdən istifadəsi zəruridir. Musiqiçilər üçün isə tibbi maska tələbi yoxdur".
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.