Çimərlik mövsümünün başlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
Bizimaz.az bildirir ki, FHN-dən BAKU.WS-ə verilən məlumata görə, çimərlikdə xoş zaman keçirmək üçün nazirlik bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirib.
Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:
- çimərlikdə ailə üzvləri istisna olmaqla insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə isə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!
- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!
Həmçinin qadağandır:
- nəzərdə tutulmamış ərazilərdə çimmək!
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- küləkli havada dənizə girmək!
- çimərlikdə gecələmək!
- sərxoş halda çimərlikdə olmaq!
- suda kobud hərəkətlər etmək!
- çimərlikdə balıq tutmaq!
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
BAKU.WS