Dövlət İmtahan Mərkəzi 29-30 aprel tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.
Bizimaz.az bildirir ki, Mərkəzdən Axar.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Aprelin 29-da keçiriləcək imtahanlarda 12 818, aprelin 30-da keçiriləcək imtahanlarda isə 17 707 nəfər olmaqla, ümumilikdə 30 525 şagirdin iştirakı nəzərdə tutulur.
29-30 aprel tarixlərində müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçiriləcək. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 20-dən etibarən çap edib götürə bilirlər.
İmtahanlar 29-30 aprel tarixlərində respublikanın 25 şəhər və rayonunda keçiriləcək.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 150 imtahan binası, 2367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 150 ümumi imtahan rəhbəri, 386 imtahan rəhbəri, 2 937 nəzarətçi-müəllim, 277 buraxılışı rejimi əməkdaşı (mühafizə), 150 bina nümayəndəsi ayrılıb.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.
DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.