Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb.
Bizimaz.az: Nazirlikdən verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment ) metodu ilə həyata keçirilən müayinələrdə qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılır.
Müayinələrdə skrining keçirilir və infeksiya baxımından şübhəli olan qanlar barəsində müvafiq müəssisələrə məlumat verilir.
Müayinələr zamanı sifilislə şübhəli olan şəxslər barədə Dəri zöhrəvi Dispanserinə; Hepatitə şübhəli şəxslər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə; QİÇS-lə bağlı Respublika QİÇS Mərkəzinə məlumat verilir və həmin şəxslər təkrar müayinələrə dəvət olunur.
İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilir.
Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.