Birinci Qarabağ müharibəsi dövründə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri öz gözləri ilə görmüş və işıqlandırmış litvalı hərbi jurnalist Riçardas Lapaytis yenidən Azərbaycana gəlib və cəbhə xəttinə yollanıb.
Bizimaz.az bildirir ki, bu barədə Axar.az-a R.Lapaytis özü bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistanı münaqişənin sülh yolu ilə həll edilməsinə çağırdığı 30 il ərzində İrəvan Azərbaycan torpağının bir santimetrini belə azad etməyib:
“Qərb mətbuatı bütün bu illər ərzində ya susurdu, ya da guya münaqişədə hər iki tərəfin günahkar olduğunu deyirdi. Onlar başa düşmək istəmirdilər ki, məhz Azərbaycan öz ərazisinin 20 faizini itirib və bir milyon azərbaycanlı öz yurdundan çıxrılıb. Tarixi şəhərlər və xüsusən də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa bu illər ərzində işğalçıların tapdağı altındadır.
Mən ömrümü cəbhə bölgələrində işə həsr etmişəm. 1990-cı illərdəki Qarabağ savaşını görmüşəm. Bu, dəhşətli mənzərədir. Erməni silahlı qüvvələri üçün müqəddəs bir şey yox idi. Dinc əhali daim atəşə tutulurdu. Onlar dinc insanları öldürürdülər və öldürməyə də davam edirlər. Mülki əhali erməni yaraqlıları və muzdluları üçün həmişə hədəf olub”.
Lapaytis ölkəsinə döndükdən sonra ona tez-tez münaqişənin sülh yolu ilə həll ediləcəyinə dair sualların verildiyini qeyd edib:
“Yox” cavabını verirdim! Bunu söyləmək mənim üçün çətin idi, amma sülhün yalnız hərbi yolla əldə olunacağını bilirdim! Xocalılıların, bütün sağ qalmış qaçqınların və hər bir azərbaycanlının duası o qədər tez-tez səslənirdi ki, nəhayət eşidildi! Hər bir azərbaycanlının 30 il sonra yenidən evlərinə qayıtmaq ümidi var”.
Jurnalistin sözlərinə görə, müharibə dəhşətli bir şeydir:
“Mən bunu hərbi jurnalist, Xocalı soyqırımının şahidi kimi deyirəm. Müharibə yalnız Azərbaycan ərazisində baş verir. Azərbaycanın başqasının torpağında gözü yoxdur.
Üstəlik, Azərbaycan əsir düşmüş hərbi əsirlər və dinc əhali ilə Cenevrə Konvensiyasına və beynəlxalq hüququn digər tələblərinə uyğun olaraq davranacaqlarını, mülki obyektlərin hərbi planlarına daxil olmadığını bildirib. Bütün bunları nəzərə alaraq, bu gün Azərbaycanın 30 il Ermənistanın işğalı altında olan öz doğma, əzəli torpaqlarını azad etmək üçün tam tarixi və mənəvi hüququ vardır. Danışıqlar naminə danışıqlar dövrü başa çatıb!”
Sonda Riçardas Lapaytis Azərbaycan xalqına müraciət edərək, qələbənin əlda ediləcəyinə qədər onların yanında olacağını bildirib.