Xəbər lenti


İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana mümkün səfəri medianın gündəmini zəbt etməkdədir. Belə bir görüşün reallaşması, təkcə Azərbaycan–İsrail münasibətləri baxımından deyil, həm də Yaxın Şərqdə baş verən mürəkkəb proseslər fonunda böyük geosiyasi əhəmiyyət daşıyır.

Azərbaycan və İsrail arasında mövcud olan hərtərəfli əməkdaşlıq, xüsusilə enerji, müdafiə sənayesi və təhlükəsizlik sahələrində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu kontekstdə mümkün səfər, ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə yanaşı, regional balansın formalaşmasında Azərbaycanın rolunu daha da gücləndirə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən israilli politoloq, jurnalist İqor Roytapel bildirib ki, Azərbaycan və İsrail arasında münasibətlər hazırda öz zirvə nöqtəsindədir. İsrail neft ehtiyatlarının 40 faizini Azərbaycandan alır, Azərbaycan isə silahlanma sahəsində İsrailin mühüm tərəfdaşıdır. Bu əlaqələr çoxşaxəli və qarşılıqlı faydaya əsaslanır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər “aysberqin görünən zirvəsi”ni xatırladır və dərin strateji əməkdaşlıqla müşayiət olunur:

"Yaxın Şərqdə baş verən son proseslər fonunda, əgər belə bir səfər gerçəkləşərsə, onun əsas gündəm mövzuları sırasında Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması və İranla bağlı məsələlərin olacağı ehtimal edilir. Azərbaycan bu məsələdə körpü rolu oynaya bilər. Azərbaycan həm Türkiyə, həm də İsrail ilə dərin münasibətlərə malikdir. Azərbaycan artıq bölgədə Türkiyə ilə İsrail arasında dialoqun qurulmasında mühüm vasitəçi kimi çıxış edir".

İqor Roytapel: Görüşdə diqqət Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına yönələcək

Müsahibimiz bildirib ki, Azərbaycanın geosiyasi mövqeyi və balanslı diplomatik xətti ölkəmizə Yaxın Şərqdəki gərginliklərin həllində qlobal oyunçu kimi çıxış etməyə imkan verir. Bu baxımdan, Benyamin Netanyahunun Bakıya səfəri təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edə bilər:

"Bu kontekstdə diqqət, əsasən, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına yönələcək. Azərbaycan bu prosesdə “ağıllı düşünən qardaş” obrazında çıxış edərək regionda sülh və sabitliyə töhfə verə bilər".

Nəticə olaraq onu demək olar ki, Ben­yamin Netanyahunun Azərbaycana gözlənilən səfəri təkcə iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması ilə deyil, həm də regionda sülh və sabitlik üçün yeni imkanların yaranması baxımından mühüm hadisə ola bilər. Bu səfər Azərbaycanı təkcə enerji və müdafiə sahəsində deyil, diplomatik platformalarda da əsas oyunçulardan birinə çevirə bilər. Xüsusilə Türkiyə–İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçi rolu və İranla bağlı təhlükəsizlik məsələlərinin müzakirəsi, Bakı görüşünün regional əhəmiyyətini daha da artırır. Beləliklə, bu səfər yalnız iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ilə kifayətlənməyəcək, həm də Yaxın Şərqdə yeni geosiyasi balansların formalaşmasına töhfə verəcək.

Əli Hüseynov

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov